Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan-Türkiyə Səhiyyə Həftəsi keçirilir

27 noyabr - 3 dekabr 2012-ci il tarixi Azərbaycan-Türkiyə Səhiyyə həftəsi elan olunmuşdur.

 

Bu münasibətlə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə səhiyyə nazirinin müavini, professor Nihat Tosunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

 

Qonaqlar noyabrın 27-də Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyevlə görüşmüşlər. Görüş zamanı iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində görülən işlər və əldə olunan nailiyyətlər müzakirə edildi. Nazir O.Şirəliyev türkiyəli qonağa Azərbaycan-Türkiyə həftəsinin təşəbbüskarları kimi öz təşəkkürünü bildirdi və belə bir tədbirlərin davamlı olmasının tərəfdarı olduğunu vurğuladı.

 

Öz növbəsində, türkiyəli qonaq səmimi qarşılanmaya görə minnətdarlığını bildirmiş, iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulamışdır. N.Tosun bildirdi ki, hazırda Türkiyədən Azərbaycana gələn 24 nəfərlik həkim briqadası burada yerli həkimlərlə birlikdə 30-a yaxın ağır cərrahiyyə əməliyyatı keçirəcək. Nazirlə görüş zamanı həkimlərin təkmilləşdirilməsi məsələsi müzakirə edildi. Türkiyəli qonaq digər ölkələrdən gələn həkimlərlə müqayisədə Azərbaycandan gələn həkimlərin işə daha çox can yandırdıqlarını, onların daha hazırlıqlı olduğunu bildirdi. Gələn ildən etibarən azərbaycanlı həkimlər üçün Türkiyədə təşkil olunan ixtisasartırma kurslarının müddətinin 3 aya qədər uzadılması məsələsi də müzakirə edildi.

 

Görüşdə gələn ildən etibarən Səhiyyə Nazirliyi tərəfindən dövlət hesabına Türkiyəyə təkmilləşmə kurslarına gedən tələbələrin sayının artırılmasını məsələsi də təklif olundu.

 

Görüşün sonunda N.Tosun Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyevi türkiyəli həmkarının Türkiyəyə dəvətini çatdırdı.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

27/11/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013