Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Sağlam həyat uğrunda” devizi ilə sağlamlıq ayı elan olundu

Səhiyyə Nazirliyi 2012-ci ilin dekabr ayını “Sağlam həyat uğrunda” devizi altında profilaktik tədbirlər ayı elan edir. Dekabrın 1-dən 31-dək davam edəcək sağlamlıq ayı bütövlükdə ölkə ərazisini əhatə edəcək.

 

Bu barədə noyabrın 27-də akademik Mustafa Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində keçirilən mətbuat konfransında səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib. Sağlamlıq ayının əsas məqsədi insanları mütəmadi müayinədən keçməyə alışdırmaqdır. Sağlamlıq ayının konsepsiyasına uyğun olaraq, insanları sağlam həyat tərzinə cəlb etmək məqsədilə keçiriləcək bu aylıq ölkənin bütün regionlarını əhatə edəcək.

 

Müayinə olunmaq istəyənlər Bakıda müalicə-profilaktika müəssisələrinə, xüsusilə də ambulator müəssisələrə, poliklinikalara, regionlarda isə mərkəzi xəstəxanaların poliklinika şöbələrinə müraciət etməlidirlər. Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarının rəhbərlik etdiyi briqadalar regionlarda əhalinin profilaktik məqsədlə müayinə olunmasına nəzarət edəcəklər.

 

E. Ağayev bildirib ki, insanlar müayinələrdən keçməklə ilk növbədə öz sağlamlıqlarına əmin ola bilər, hər hansı xəstəliyi erkən mərhələdə aşkarlamaq imkanı qazanarlar. “Bu profilaktik müayinələr xəstəliyi vaxtından əvvəl aşkara çıxararaq daha tez və effektli müalicə olunmasına imkan verəcək”,- deyə bildirən E.Ağayev mətbuat nümayəndələrini və bütün Azərbaycan əhalisini sağlamlıqları naminə mütəmadi müayinə olunmağa çağırdı.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

27/11/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013