Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilmişdir

28.12.2012-ci il tarixində Səhiyyə Nazirliyində 2012-ci ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir. İclası giriş sözü ilə acan səhiyyə naziri Oqtay Şirəliyev bu toplantının 2012-ci ilin yekunları ilə yanaşı ölkə səhiyyəsinin yeni inkişaf mərhələsinin 10 illiyinə təsadüf etdiyini bildirdi. Nazir il ərzində görülmüş işlər, əldə olunmuş nailiyyətlər haqqında kollegiya iştirakçılarına qısa məlumat verdi.

 

Daha sonra çıxış edən Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri G. Poladov kollegiya iştirakçılarına görülmüş işlər haqqında təfərrüatlı şəkildə məlumat verdi. G. Poladov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sonsuz qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq 2012-ci ildə iqtisadiyyat və sosial sahənin inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır.

 

Onun sözlərinə görə son illərdə əldə edilmiş dinamik inkişaf ölkə üzrə göstəricilərinin ən vacibi olan demoqrafik və tibbi statistik göstəricilərinin yaxşılaşmasına səbəb olmuşdur. Son 10 il ərzində ölüm göstəricisi dinamik olaraq azalmış, doğum və bununla bərabər təbii artım göstəricisi yüksəlmişdir. Bu göstəricilərə görə, Azərbaycan Avropa ölkələri sırasında öndə gedir. Bunun məntiqi nəticəsi kimi orta ömür uzunluğu bu illər ərzində artaraq 72,3 yaşdan 73,8 yaşadək yüksəlmişdir.

 

Çıxışında səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitin həcminin ilbəil artmağını vurğulayan natiq 2003-cü illə müqayisədə 2012-ci ildə bu vəsaitin 11 dəfə artdığını dedi. Bu artım əsasında 500-dək tibb müəssisəsi yaradılaraq və ya yeniləşərək əhalinin istifadəsinə verilmişdir. Bu müəssisələrin mütləq əksəriyyətinin açılışında ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti şəxsən iştirak etmiş və öz xeyr-duasını vermişdir.

 

Stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq və dərman preparatları ilə təchizatı daha da yaxşılaşdırılmış, istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların çeşidi 60-dan 166-ya çatdırılmışdır.

 

Xəstəxana çarpayılarının işinin səmərəsi əhəmiyyətli dərəcədə artaraq, onların məşğulluq göstəricisi son 10 il ərzində 3 dəfə yüksəlmiş və ambulator-poliklinika müəssisələrinə müraciətlər də 65% çoxalmışdır.

 

Azərbaycan Respublikası Prezidentinin tövsiyələrini rəhbər tutaraq Səhiyyə Nazirliyi tərəfindən “Sağlam həyat uğrunda” devizi altında 2012-ci ilin dekabr ayında həyata keçirilən sağlamlıq ayı xəstəliklərin profilaktikası istiqamətdə atılan uğurlu addımlardandır.

 

Bildirildi ki, elmi-tədqiqat institutlarının, aparıcı tibb müəssisələrinin mütəxəssislərindən ibarət briqadalar yaradılaraq bu genişmiqyaslı aksiyaya cəlb olunmuşlar. Profilaktik müayinələri aparan tibb müəssisələri əlavə olaraq lazımi avadanlıq və reaktivlərlə təmin olunmuşlar. Respublikanın bütün şəhər və rayonları bu müayinələrlə əhatə olunmuşdur. Sağlamlıq ayı ərzində 3 milyona yaxın müayinə aparılmışdır. Aşkar olunan xəstələr müvafiq müalicəyə cəlb olunmuşlar. Belə aksiyaların gələcəkdə də keçirilməsi nəzərdə tutulur.

 

Keçirilən cərrahi əməliyyatların sayının xeyli artmasına baxmayaraq, əməliyyatlardan sonra ölüm hallarının sayının da 2 dəfə azalması faktı kollegiya iştirakçılarının diqqətinə çatdırıldı. G. Poladov həmçinin əsaslı təmir və yenidənqurma işlərindən sonra Elmi Cərrahiyyə Mərkəzində açıq ürək əməliyyatlarının icrasına başlandığını, mərkəzdə böyüklər və uşaqlar üzərində 700-ə yaxın əməliyyata keçirildiyini dedi. M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında isə əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisədə böyrəkköçürmə əməliyyatlarına başlanılmışdır.

 

Dövlət Proqramlarının icrasına toxunan məruzəçi səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş 11 proqramın hazırda həyata keçirilməsi işinin uğurla davam etdiyini bildirdi. Ümumilikdə proqramların icrasına bu illər ərzində 387,7 milyon manat vəsait sərf olunmuşdur.

 

Şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşmış, qeydiyyata götürülən xəstələrin sayı 3,6 dəfədən çox artmış və hazırda 180 minə çatmışdır. Həmçinin görülən işlərin məntiqi nəticəsi olaraq şəkərli diabeti olan xəstələrin ölüm göstəricisi də enmişdir.

 

Onkoloji xəstəliklərin aşkarlanması və onlara göstərilən tibbi yardımın səviyyəsi də yaxşılaşmış, bu xəstəlikdən ölüm gösrəricisi azalmışdır.

 

Xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi məqsədilə hər il Respublikanın bölgələrində yeni dializ mərkəzləri açılır. Hazırda respublikamızda 27 mərkəzdə 2000-dən artıq xəstə hemodializ seansları alır və müvafiq dərman vasitələri ilə tam həcmdə təmin olunur.

 

Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Nəticədə respublikada körpə ölümü göstəricisi 2003-cü ildə 16,7 promilli idisə, 2012-ci ildə bu rəqəm 10,8-ə bərabər olmuşdur. Ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5-dən 2012-ci ildə 14,9-a enmişdir.

 

Qan xidmətinin inkişafına xüsusi diqqət yetirildiyini deyən məruzəçi Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı ilə qan xidmətində çalışan işçilərin maaşlarının 2 dəfə artığını vurğuladı. G.Poladov eyni zamanda bu gün Azərbaycanda, uşaqların yoluxucu xəstəlikdən qorunması üçün, inkişaf etmiş Avropa ölkələrində olduğu kimi 10 xəstəliyə qarşı peyvənd edildiyini və nəticədə bir sıra infeksiyaların profilaktikası üzrə nəzərəçarpan nailiyyətlər qazanıldığını, respublikada epidemioloji sabitliyin təmin edildiyini dedi.

 

Vərəmlə mübarizə işinə toxunan şöbə müdiri bu sahədə də xeyli işlərin görüldüyünü və nəticədə vəziyyətin stabilləşməsinə nail olunduğunu qeyd etdi. Belə ki, ötən illə müqayisədə 2012-ci ildə ilkin xəstələnmə hallarının sayı xeyli azalmışdır.

 

Səhiyyəmizin tərkib hissəsi olan özəl səhiyyənin inkişafı da nazirliyin diqqət mərkəzində olmuşdur. Hazırda respublika üzrə 500-dən artıq özəl tibb müəssisəsi və kabineti, eləcə də 2 minə yaxın əczaçılıq müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyətinə nəzarət Səhiyyə Nazirliyinin daimi diqqət verdiyi sahələrdən biridir.

 

Qısa vaxt ərzində səhiyyə və tibb elmi sahəsində görülən saysız işlərin hər birini əhatə etmək mümkün olmadığını bildirən G. Poladov tibbi təhsil və kadr islahatlarına da qısa nəzər saldı. Bildirdi ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, respublikada həkimlərin ixtisaslar üzrə hazırlığı dünyanın əksər ölkələrin tibb təhsil sistemində qəbul olunmuş rezidentura vasitəsi ilə həyata keçirilir. Qəbul planına uyğun olaraq 2011-ci ildə 300, 2012-ci ildə isə 500 həkim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sınaq imtahanlarından keçərək müxtəlif ixtisaslar üzrə rezidenturaya qəbul olunmuşlar.

 

2011-ci ilin yanvar ayından tibb işçilərinin bütün dünyada qəbul edilən sertifikasiyasının həyata keçirilməsinə başlanılmışdır. Artıq bu günə kimi 7 mindən artıq həkim və 4,5 mindən artıq orta tibb işçisi sertifikasiyadan keçmişdir.

 

Gənc mütəxəssislərin Respublikadan kənarda təkmilləşdirmə kurslarından keçməsi proqramı çərçivəsində 2009-2012-ci illər ərzində səhiyyənin müxtəlif sahələri üzrə 451 həkim və orta tibb işçisi xarici ölkələrinin (Türkiyə, Rusiya, Almaniya, Polşa, Misir) qabaqcıl klinikalarında 3-6 aylıq ixtisasartırma kursları keçmişdir.

 

Eyni zamanda həkimlər üçün müxtəlif ixtisaslar üzrə xaricdən dəvət olunmuş aparıcı mütəxəssislərin iştirakı ilə Bakıda ixtisasartırma kursları təşkil olunmuş və həmin kurslarda 1363 mütəxəssis öz təcrübi biliklərini artırmışdır. Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə yanaşı 11 elmi-tədqiqat institutu və mərkəzləri fəaliyyət göstərir. Bu böyük elmi potensiala malik olan elmi müəssisələrdə hazırda 2700-ə yaxın elmi işçi və müəllim heyəti fəaliyyət göstərir. Son 10 il ərzində səhiyyə sahəsində 120-dən artıq tibb elmləri doktorluğu və 600-dən artıq tibb üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir.

 

Tibb işçilərinin əməyinin stimullaşdırılması vacib faktorlardan biridir. Respublika rəhbərliyinin diqqət və qayğısı nəticəsində son illər ərzində mütəmadi olaraq onların əmək haqları artırılır. 2003-cü ildən etibarən tibb işçilərinin maaşlarının artırılması barədə 12 müvafiq qərarlar qəbul olunmuşdur.

 

Bu illər ərzində bir çox tibb işçisi dövlət tərəfindən müxtəlif mükafatlara və fəxri adlara layiq görülmüşlər, o cümlədən 10 nəfər orden, 136 nəfərə “Tərəqqi” medalı, 58 nəfərə əməkdar elm xadimi və əməkdar müəllim, 164 nəfərə “Əməkdar həkim” fəxri adı verilmişdir.

 

Müasir informasiya texnologiyalarının səhiyyə sisteminə tətbiq edilməsi sahəsində də əhəmiyyətli işlər görülmüşdür. “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində “Vətəndaşların elektron sağlamlıq kartı” sistemi fəaliyyətə başlamışdır. Hazırda müxtəlif xəstəliklər üzrə 10-a yaxın registr, kadrların vahid registri, yoluxucu xəstəliklərin elektron müşahidə sistemi, dərman maddələrinin dövriyyəsi, təcili tibbi yardım stansiyasının dispetçer xidməti və s. sahələrdə elektron proqramlar istifadə olunur. Səhiyyə sahəsində elektron xidmətlərinin genişləndirilməsi istiqamətində də işlər aparılır. Səhiyyə Nazirliyi tərəfindən 38 elektron xidmətin göstərilməsi nəzərdə tutulub. Hazırda nazirliyin rəsmi internet saytında “Elektron xidmətlər” bölməsi yaradılıb və 11 elektron xidmət artıq fəaliyyət göstərir.

 

Səhiyyəmizin beynəlxalq aləmdə nüfuzunun artmasından danışan G.Poladov səhiyyə sahəsində fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların idarəedici orqanlarında Azərbaycanın təmsil olunduğunu vurğuladı. Belə ki, 2005-2009-cu və 2012-2015-ci illərdə ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinə üzv seçilmişdir. Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatı Avropa üzrə Regional Komitəsinin 2009-cu ildə Kopenhagendə keçilən 59-cu sessiyasında Azərbaycan Daimi Komitəyə üzv seçilmişdir.

 

Beynəlxalq əməkdaşlıqda digər istiqamət ikitərəfli əlaqələrdir. Bu gün Səhiyyə Nazirliyi müxtəlif səviyyəli saziş və protokollar əsasında 40-a yaxın ölkə ilə səhiyyə sahəsində məhsuldar əməkdaşlıq edir.

 

Natiq çıxışının sonunda 2012-ci il səhiyyəmiz üçün uğurlu il olduğunu Azərbaycan səhiyyəsinin inamlı addımlarla irəliyə doğru getdiyini və bu da bizim məsuliyyətimizi artırmağa və gələcəkdə daha böyük nailiyyətlər əldə etməyə ruhlandırdığını bildirdi.

 

Digər məruzəçilər Azərbaycan Tibb Universitetinin rektoru Ə. Əmiraslanov, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini R.Nağıyev, Səhiyyə Nazirliyinin baş cərrahı H. Bağırov, Səhiyyə Nazirliyinin baş pediatrı N.Quliyev, Doguşayardım Komissiyasının sədri L.Rzaguliyeva da 2012-ci il ərzində ölkə səhiyyəsində görülmüş işlərdən, əldə olunmuş nailiyyətlərdən, maddi-texniki bazanın gücləndirilməsindən danışdılar.

 

Toplantının yekunu olaraq çıxış edən Səhiyyə naziri Oqtay Şirəliyev sonda səhiyyə sahəsində yeni tətbiq olunmuş “Səhiyyə əlaçısı ” döş nişanları ilə bir necə şəxsin təltif olunduğunu qeyd etdi.

 

Daha sonra nazir bütün kollegiya iştirakçılarını habelə səhiyyə və tibb ictimaiyyətini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi və 31 dekabr “Yeni il” bayramı münasibəti ilə səmimi qəlbdən təbrik etdi, onlara can sağlığı və işlərində müvəffəqiyyətlər arzu etdi

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

29/12/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013