Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Xəstəliklərin Beynəlxalq Təsnifatının 9-cu və 10-cu baxışı Azərbaycan dilinə tərcümə olunub

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Stasionarların fəaliyyətinə elektron nəzarət sisteminin tətbiqi barədə” 22 noyabr 2011-ci il tarixli 108 saylı əmrinə uyğun olaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış Xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT) 9-cu baxışı üzrə kliniki modifikasiya və XBT-nın 10-cu baxışı Azərbaycan dilinə tərcümə olunmuş və müvafiq stasionar müəssisələrə paylanmaq məqsədilə çap edilmişdir.

 

Stasionarların fəaliyyətinə dair məlumatların kodlaşdırılması və elektron qaydada məlumat bazasına daxil edilməsi üçün zəruri hesab edilən bu təsnifatlara dair bütün stasionar müəssisələrin həkimləri arasında 2013-cü ilin fevral-mart ayları ərzində Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində təlimlərin keçirilməsi nəzərdə tutulur.

 

Yuxarıda qeyd olunanlar Azərbaycanda bütün xəstələnmə və ölüm hallarının, habelə cərrahi əməliyyatların beynəlxalq təsnifata uyğun kodlaşdırılması, ölkə səviyyəsində stasionarların fəaliyyətinin davamlı monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi, o cümlədən beynəlxalq miqyasda xəstələnmə, ölüm halları və cərrahi əməliyyatlar üzrə müqayisəli təhlillərin aparılmasına imkan verəcək.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

18/01/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013