Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 132-ci sessiyası keçirilmişdir

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 21-29 yanvar 2013-cü il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 132-ci sessiyasında iştirak etmişdir.

 

Sessiya ərəfəsində ÜST Avropa Regional Komitəsinin iclası təşkil olunmuşdur. Tədbirdə Avropa Regionunda İcraiyyə Komitəsində iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə 132-ci sessiyanın gündəliyi, habelə ÜST ölkə ofislərinin strateji idarə mexanizmləri məsələləri müzakirə olunmuşdur.

 

Sessiyanın gündəliyinə ÜST Baş Direktoru Dr. M. Çanın hesabatı, Regional komitələrin İcraiyyə Komitəsinə hesabatları, İcraiyyə Komitəsinin Büdcə, Proqram və İnzibati Komissiyasının hesabatı, ÜST islahatlarının keçirilməsi, Amerika Regional Bürosu direktorunun təqdimatı, Səhiyyədə texniki məsələlər, Qeyri infeksion xəstəliklərə qarşı mübarizə, Psixi sağlamlığın qorunması, Sağlam qidalanma, Beynəlxalq Səhiyyə Qaydaları, Minilliyin İnkişaf Məqsədləri və qazanılan nəticələr, Əlillik və həssas qrupların sosial həyata qaytarılması, Sağlam həyat tərzinin təşviqi, Poliomielitə qarşı mübarizə, Səhiyyənin sosial determinantları, Səhiyyə və sosial sektorun maliyyələşdirilməsi, ÜST təşkilatında idarəçilik, Unudulmuş tropik xəstəliklərə qarşı mübarizə, Dərman vasitələrinin səmərəli istifadəsi və saxta dərmanların qeyri qanuni istehsalı haqqında işçi qrupun hesabatı və s. məsələlər daxil edilmişdir.

 

Ənənəvi olaraq açılış nitqi ilə çıxış edən ÜST Baş Direktoru Dr. Marqaret Çan Ümumdünya Səhiyyə Assambleyasının 65-ci sessiyasının qətnamələrinin həyata keçirilməsi, qlobal səhiyyə məsələləri, baş direktor vəzifəsinə seçkilərdə yeni qaydaların tətbiqi, səhiyyənin maliyyələşməsi, səhiyyə proqramlarının həyata keçirilməsi üzrə donor ölkə və qurumlarla əlaqələrdən, habelə sessiyanın gündəliyində müzakirə ediləcək məsələlərdə ÜST rəhbərliyinin mövqe və tövsiyələrini bildirmişdir.

 

Tədbir çərçivəsində ÜST Baş Direktoru, Avropa Bürosu Regional Direktoru, habelə komitəyə üzv ölkələrdən Litva, Norveç, Çin və Özbəkistanın səhiyyə rəsmiləri ilə görüşlər keçirilmiş və Avropa Regional Bürosu rəhbərliyi ilə ikiillik Anlaşma Memorandumu imzalanmışdır.

 

ÜST İcraiyyə Komitəsinin 132 sessiyasında Azərbaycan tərəfi Səhiyyə sistemlərinin inkişafında maliyyə vəsaitlərinin bölüşdürülməsi, Minilliyin İnkişaf Məqsədləri və 2015-ci ildən sonrakı layihə və proqramlar, poliomielitin eliminasiyası, səhiyyənin sosial determinantları, psixi sağlamlığın qorunması, elektron səhiyyə proqramlarının həyata keçirilməsi, səhiyyədə monitorinq və statistik layihələrin aparılmağına dair tövsiyə və mövzularla çıxış etmişdir.

 

Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 132-ci sessiyası 29 yanvar 2013-cü il tarixdə öz işini başa vurmuşdur.

 

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

5/02/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013