Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri ölkəmizdə səfərdə olan İsrail nümayəndə heyətini qəbul etmişdir

11 fevral 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə səfərdə olan İsrail Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi və İsrail Dövləti Xarici İşlər nazirliyinin baş direktor müavini cənab Daniel Karmon və İsrail Beynəlxalq İnkişaf üzrə Əməkdaşlıq Agentliyinin təlim şöbə rəisi cənab Mataniya Kohenlə görüşmüşdür. Görüşdə İsrailin Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri cənab Rafael Harpaz da iştirak edirdi.

 

Görüşdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin vəziyyəti və gələcək perspektivləri müzakirə edilmişdir.

 

Müqabil tərəf cari ildə Azərbaycanlı tibb mütəxəssisləri üçün ana və uşaq sağlamlığı mövzusunda seminarların təşkili, səhiyyə sahəsində strateji konseptual sənədlərin hazırlanmasında İsrail ekspertlərinin cəlb edilməsini təklif etmiş, habelə tibbi texnologiyalar sahəsində əməkdaşlıq istiqamətlərini vurğulamışdır.

 

İsrailli mütəxəssislər tərəfindən Bakıda təcili və təxirəsalınmaz yardım üzrə təlim kurslarının təşkili, dövlət və özəl səhiyyə müəssisələrinin beynəlxalq akkreditasiyası üzrə ekspertlərin Azərbaycana dəvəti kimi təkliflərlə də çıxış etmişdirlər.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

12/02/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013