Səhiyyə Naziri Oqtay Şirəliyev Fransa nümayəndə heyətini qəbul etmişdir
Bu gün səhiyyə naziri Oqtay Şirəliyev 11-19 fevral 2013-cü il tarixlərində Azərbaycanda rəsmi səfərdə olan Fransanın sabiq baş naziri və ticarət məsələləri üzrə vəkili cənab Dominik de Vilpeninin rəhbərliyi ilə gələn nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Fransanın Azərbaycanda Fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Meniyer-də iştirak edirdi.
Görüşdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və gələcək perspektivləri müzakirə olunmuşdur. Qonaqlar əczaçılıq sahəsində əlaqələrin inkişafı, tibb müəssisələrinin menecmenti üzrə təlimlərin təşkili və Avropa İttifaqının TWİNİNG və TAIEX təsisatlarından istifadə, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə tədbirləri çərçivəsində məlumat mübadiləsi, diplomdan sonrakı təkmilləşmə, birgə elmi tədqiqat işlərinin aparılması, səhiyyənin tibb müəssisələrinin və tibbi təhsil ocaqlarının birbaşa əlaqələri və digər sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması haqqında müzakirələr aparılmışdır.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
12/02/2013