Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilmişdir

13 fevral 2013 tarixində Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyevin rəhbərliyi ilə Azərbaycanda Doğuşayardım xidmətinin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

 

İclasa Bakı və bölgələrdəki doğum evlərinin baş həkimləri, şöbə müdirləri, habelə doğuşayardım xidmətlərini həyata keçirən özəl tibb müəssisələrinin rəhbərləri dəvət olunmuşdur.

 

Doğuşayardım xidmətinin vəziyyətinə dair ilk söz Səhiyyə Nazirliyi Tibbi Yardım Təşkili şöbəsini müdiri Gülmirzə Poladova verildi.

 

Çıxışının əvvəlində G.Poladov son illər ərzində səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları, əhalinin pulsuz tibbi xidmətlə təmin olunması, müxtəlif dövlət proqramlarının həyata keçirilməsi və başqa genişmiqyaslı tədbirlər nəticəsində ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaradıldığını vurğuladı. Şöbə müdirinin sözlərinə görə, ölkədə sosial-iqtisadi vəziyyətin sabitliyi diri doğulmuşların sayının artmasına, ana və uşaq ölümü göstəricilərinin azalmasına gətirib çıxarmışdır.

 

Belə ki, 2007-ci ildə 151 mindən artıq uşaq doğulmuşdursa, 2012-ci il ərzində 173 547 diridoğulmuş qeydə alınmışdır.

 

Körpə ölümü göstəricisi 2007-ci ildə 12,1; 2012-ci ildə-10,8; ana ölümü 2007-ci ildə 34,5; 2012-ci ildə isə bu göstərici 14,9-a bərabər olmuşdur.

 

Qeyd olunmuşdur ki, son illər ərzində evdə doğuşların sayında azalma da müşahidə olunur. Belə ki, 2007-ci ildə evdə doğuşların sayı ümumi diridoğulmuşların sayına görə 3,5 % təşkil etmişdirsə, 2012-ci ildə il də bu rəqəm 3 dəfə azalmışdır.

 

G. Poladov bildirmişdir ki, əldə olunan nailiyyətlərlə yanaşı bu sahədə bəzi problemlər də var.

 

Baş vermiş ana və uşaq ölümü hadisələrinin hər biri Səhiyyə Nazirliyinin Döğuşayardım Komissiyası tərəfindən təhlil olmuş və təhlillər zamanı aşkar olunan çatışmazlıqların aradan qaldırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

 

Antenatal xidmətə, ekstragenital və mamalıq patologiyasının vaxtında aşkar edilməsinə, hamilələrin hospitalizasiyası məsələlərinə və digər bir sıra məsələlərə Səhiyyə Nazirliyi tərəfindən diqqət daha da gücləndirilmişdir.

 

G.Poladov bildirmişdir ki, Səhiyyə Nazirliyinin ən prioritet sahələrindən biri olan Doğuşayardım xidmətinin keyfiyyətinin artırılması üçün bir sıra təkliflər hazırlanıb və səhiyyə nazirinə təqdim edilmişdir.

Şöbə müdiri onu da qeyd etdi ki, doğum tarixlərində keysəriyyə kəsiyi əməliyyatlarının əsaslandırılmasına baxmayaraq, doğuşların təbii yolla aparılmasının zəruriliyinə diqqət artırılmalıdır. G.Poladov cıxışının sonunda bildirmişdir ki, doğuşayardım xidmətin daha da təkmilləşməsi, arada olan problemlərin aradan qaldırılması üçün Səhiyyə Nazirliyi müxtəlif istiqamətlərdə ciddi tədbirlər görür. Hazırda neonatoloji xidmətin təkmilləşdirilməsi istiqamətində vacib işlər planlaşdırılır. Belə ki, ET Pediatriya, Mamalıq və Ginekologiya İnstitutlarında, Respublika Perinatal Mərkəzində mövcud neoanatoloji-reanimasiya şöbələri genişləndirilərək. Bundan əlavə bu şöbələrin maddi-texniki vəziyyətinin müasir səviyyədə təmini istiqamətində də vacib addımlar atılması gündəmdədir. Eyni zamanda şöbələrin ştat cədvəlində müvafiq dəyişikliklərin aparılması və yüksəkixtisaslı neonatoloji-reanimatoloji kadrlarla təmin olunması, onların təkmilləşmə məqsədilə xaricə kurslara göndərilməsi məsələsinə baxılacaqdır.

Şöbə müdirinin çıxışından sonra müzakirələrə başlanılmışdır. Müzakirələrdə çıxış edən ET Mamalıq və Ginekologiya İnstitutunun direktoru F.Əliyeva, M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasını baş həkimi T.İbadov və Səhiyyə Nazirliyi Təxirəsalınmaz Tibbi Yardımın stansiyasını rəisi M.Cəfərov çıxış etmişdirlər. Çıxışçılar bu sahədə görülən işlərlə yanaşı arada olan boşluqları da kollegiya iştirakçılarının diqqətinə çatdırdılar.

 

M.Cəfərov bildirmişdir ki, 2012-ci il ərzində SNTTTYS konsultativ tibbi heyəti tərəfindən 894 çağırış icra olunmuşdur.

 

F.Əliyeva son illər ərzində analara və yeni doğulmuş uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən görülən bir sıra işlərdən danışdı. F.Əliyeva eyni zamanda ET Mamalıq və Genikologiya İnstitutunun mütəxəssisləri tərəfindən bölgələrdə aparılan çoxsaylı monitorinqlər haqında kollegiya iştirakçılarının məlumat vermişdir.

 

Səhiyyə nazirinin müavini A. Vəlibəyov dövlətin səhiyyə sahəsinə ayırdığı xüsusi diqqət və qayğının bariz nümunəsi kimi ana və uşaq ölümü səviyyəsinin 3 dəfə azalmasını vurğulamışdır.

 

Daha sonra səhiyyə naziri Oqtay Şirəliyev çıxış etmişdir. Nazir özəl və ya dövlət tibb müəssisəsi anlayışının olmadığını və hər bir tibb müəssisənin Azərbaycan səhiyyəsinin adı ilə bağlı olduğunu söyləmişdir. O.Şirəliyev xüsusi vurğuladı ki, səhiyyənin bütün sahələri önəmli və vacib məsələdir. Lakin doğuşayardım xidməti Nazirliyin xüsusi diqqət ayırdığı sahədir. Biz hər birimiz Azərbaycan dövlətinin adına layiq çalışmalıyıq. Hər biriniz vicdanla, şərəflə çalışmalıyıq. Biz statistikaya nəzər salsaq görərik ki, ölkəmizdə yaşayış həddi yuxarı qalxdığı kimi, insanların ölüm hallarının səviyyəsi də aşağı enmişdir. Ölkə rəhbərliyi səhiyyəyə diqqət və qayğısı göz qabağındadır. Maddi-texniki baza var və bu imkanlar daha da genişləndirilir” - deyə nazir vurğulamışdır.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

14/02/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013