Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin qan xidməti rəhbərlərinin 3-cü müşavirəsi öz işinə başlamışdır

14.02.2013-cü il tarixlərində Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin qan xidməti rəhbərlərinin 3-cü müşavirəsi öz işinə başlamışdır.

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə İƏT-ə üzv olan 10 ölkədən 8-in nümayəndə heyəti iştirak etmişlər.

 

Qan xidməti rəhbərlərinin 1-ci iclası İran İslam Respublikasının paytaxtı Tehranda, 2-ci iclası Türkiyənin paytaxtı Ankarada keçirilmişdir. Bu il isə İƏT-da sədrlik Azərbaycana keçmişdir.

 

İclası giriş sözü ilə səhiyyə nazirinin müavini Elsevər Ağayev açaraq Azərbaycanda qan xidməti sahəsində görülən işlərdən əldə olunan nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, insanların sağlamlıqlarının qorunması Azərbaycan dövlətinin prioritet vəzifəsidir.

 

Ölkəmizdə qan xidmətinə xüsusi diqqət yetirildiyini bildirən E.Ağayev məlumat vermişdir ki, Milli Məclis “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etmişdir. Bu qanun Azərbaycan Respublikası Prezidenti tərəfindən 2005-ci ilin mayın 3-də təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli qərarı ilə “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı(2006-2010)” təsdiq edilmişdir.

 

Nazir müavini ölkəmizdə qan xidməti göstərən müəssisələrin tibbi avadanlıq, qan torbaları və qanı yoxlamaq üçün reaktivlərlə dövlət tərəfindən tam təmin olunduğunu diqqətə çatdırmışdır. Vurğulamışdır ki, dövlət proqramının müvəffəqiyyətlə yerinə yetirilməsi nəticəsində qan donorlarının sayı 2 dəfədən çox artmış, qan komponentlərinin miqdarı, keyfiyyəti və təhlükəsizliyi xeyli yüksəlmişdir. Azərbaycanda könüllü donorların sayının əhəmiyyətli dərəcədə artması pullu donorluqdan tam imtina edilməsinə imkan yaratmışdır.

 

Tədbirdə İƏT-in baş katibi Şamil Ələsgərov yaradılan şəraitə görə Azərbaycan dövlətinə minnətdarlıq etmiş, iclasda qan xidməti üçün çox vacib məsələlərin müzakirə olunacağını bildirmişdir.

 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Soltan Əliyev çıxış edərək qan xidməti sahəsində əməkdaşlıq baxımından İƏT-in böyük rol oynadığını qeyd etmişlər.

 

Bildirilmişdir ki, qan xidmətinin dinamik inkişafı olmadan cərrahiyyə, reanimasiya, doğuşayardım, hematologiya, onkologiya, travmatologiya kimi sahələrdə ixtisaslaşdırılmış tibbi yardımın uğurla həyata keçirilməsi mümkün deyildir.

 

Sonra İƏT-ə üzv ölkələrin qan xidməti rəhbərlərinin hesabatları dinlənilmişdir.

 

Fevralın 15-dək davam edəcək iclasda İƏT-ə üzv ölkələrdə könüllü donorların cəlb edilməsi və saxlanılması, transfuzion terapiya, informasiya texnologiyalarının qan xidməti sahəsində tətbiqi və plazmanın fraksiyalaşdırılması kimi məsələlərlə bağlı müzakirələr aparılacaqdır.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

 

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin qan xidməti rəhbərlərinin 3-cü müşavirəsi öz işinə başlamışdır

14/02/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013