Həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır
Azərbaycan Respublikası Prezidentinin 05.09.2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.
Mərkəzləşdirilmiş qaydada işə qəbulun əsas məqsədi hər bir namizədin bilik və peşə bacarığını, ümumi dünyagörüşünü, tibb müəssislərində işləmək bacarığının səviyyəsini müəyyən etməkdir.
Tibb müəəssisələrində həkim ixtisası üzrə nəzərdə tutulmuş vəzifələrə namizədlər aşkarlıq şəraitində şəffav üsullarla müsabiqə əsasında qəbul edilirlər. Müsabiqə iki mərhələdən - test imtahanı və müsahibədən ibarətdir. Test imtahanı 50 sualdan ibarətdir və 2 saat ərzində fasiləsiz davam edir. İmtahanın yekununa görə 30 və ya daha çox bal toplamış şəxslər müsahibəyə buraxılır.
Hər iki mərhələdə müsbət nəticələr əldə etmiş həkimlərə müvafiq səhiyyə müəssisəsində işə qəbul olunmaq üçün Səhiyyə Nazirliyi tərəfindən göndəriş verilir.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
18/02/2013