Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə səhiyyə naziri Oqtay Şirəliyevə təşəkkür məktubu ünvanlamışdır

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə səhiyyə naziri cənab Oqtay Şirəliyevə təşəkkür məktubu ünvanlamışdır.

 

Şeyxülislam A. Paşazadə həzrətləri məktubda Müqəddəs həcc ziyarətindən qayıdan soydaşlarımızın Türkiyə ərazisində qəzaya uğraması nəticəsində dünyasını dəyişmiş və xəsarət almış vətəndaşlarımıza göstərilən diqqət və qayğıya, yaralıların vaxtında xəstəxanalara yerləşdirilməsi və tibbi yardımın təşkili işindəki səylərinə görə Qafqaz müsəlmanları adından minnətdarlığını bildirmişdir.

 

Şeyx həzrətləri məktubda belə bir çətin və fövqəladə vəziyyətdə Azərbaycan tibb işçilərinin nümayiş etdirdiyi operativlik və professionallığını yüksək təqdirə layiq fakt kimi qiymətləndirərək eyni zamanda bunu dövlətə və xalqa xidmətin bariz nümunəsi kimi dəyərləndirmişdir.

 

Məktubun sonunda Şeyxülislam Allahşükür Paşazadə cənab Oqtay Şirəliyevə bir daha təşəkkür etmiş və ölkəmizin rifahı naminə gördüyü bütün işlərdə uğurlar arzulamışdır.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

 

27/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013