Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi Bakı şəhərində, Astara, Tərtər və Ucar rayonunda xeyriyyə aksiyaları keçirmişdir

Səhiyyə Nazirliyi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Astara rayonunda xeyriyyə aksiyası keçirmişdir. Nazirlik tərəfindən Bakıdan regionlara 3 ixtisaslaşdırılmış briqada göndərilmişdir.

 

Astara RMX-na ezam olunmuş həkim briqadasına daxil olan Respublika Uşaq klinik Xəstəxanasının mütəxəssisləri, kardioloqlar, pediatrlar, uşaq cərrahları, LOR həkimlər, nevropatoloqlar, psixiatrlar Astara Rayon Mərkəzi Xəstəxanasının həkimləri ilə birlikdə 100-ə yaxın uşağı müayinədən keçirmişlər.

 

Ciddi xəstəlikləri aşkar olan uşaqların Bakı şəhərində müalicə olmaları üçün göndərişlər verilmişdir. Aksiya zamanı uşaqlara bayram əhval ruhiyyəsi bəxş etmək üçün onlara hədiyyələr paylanmışdır.

 

Analoji tədbir Tərtər rayonunda da həyata keçirilmişdir. Səhiyyə Nazirliyi tərəfindən regiona ezam olunmuş Elmi Tədqiqat Pediatriya İnstitutunun, Hematologiya və Transfuziologiya İnstitutlarının, Uşaq Klinik Xəstəxanası və Respublika Uşaq Psixonevroloji Mərkəzinin pediatr, kardioloq, LOR, nevropatoloq, cərrah, psixiatr və hematoloqlardan ibarət həkim briqadası tərəfindən 98 uşağın müayinəsi həyata keçirilmişdir.

 

Rayon sakinləri xeyriyyə aksiyasını rəğbətlə qarşılamış, əhaliyə səhiyyə xidmətinin göstərilməsində yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

Ucar rayonuna isə Səhiyyə Nazirliyi tərəfindən 8 nəfərlik həkim briqadası ezam olunmuşdur. Rayonda dərinləşdirilmiş müayinələrin aparılması məqsədi nevropatoloq, kardioloq, pediatr cərrah, LOR, psixiatr və hematoloqdan ibarət mütəxəssis briqadası tərəfindən 110 uşaq müayinə olunmuş. Yerlərdə müalicə həkimlərinə müəyyən tövsiyələr edilmiş, nisbətən ağır diaqnozlu uşaqlara müalicəsini Bakı şəhərində davam etdirilməsi üçün göndərişlər verilmişdir.

 

Daha sonra Səhiyyə Nazirliyinin uşaqlar üçün hazırladığı bayram hədiyyələrini uşaqlara təqdim etmişlər.

 

Bakı şəhərində də 01.06.2013-cü il tarixində müəyyən xeyriyyə aksiyaları keçirilmişdir. Bakı şəhəri Psixonevroloji Uşaq evində və 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alan uşaqlara Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən hədiyyələr təqdim olunmuşdur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

4/06/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013