Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yenidənqurma işlərindən sonra açılış mərasimi olmuşdur

Dekabrın 24-də Səhiyyə Nazirliyinin Akademik Mustafa Bəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əsaslı təmir və yenidənqurma işlərindən sonra açılışı olmuşdur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

 

Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya məlumat verdi ki, cərrahiyyə sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında müstəsna xidmətləri olan bu Mərkəzin keçdiyi yol səhiyyəmizin mühüm inkişaf mərhələlərindən biridir. 1971-ci ildə inşa edilən Klinik Eksperimental Təbabət İnstitutunun - indiki Elmi Cərrahiyyə Mərkəzinin binası uzun müddət təmir edilmədiyindən yararsız vəziyyətə düşmüşdü. Mərkəzin Bakı şəhəri və bütünlükdə respublika üçün əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına uyğun olaraq bu səhiyyə ocağı əsaslı təmir edilərək yenidən qurulmuşdur. İndi Elmi Cərrahiyyə Mərkəzi ən müasir standartlara cavab verən tibb ocağına çevrilmişdir. Bu işlər bir il yarım ərzində başa çatdırılmışdır. Mərkəzin binasının bir hissəsi 6, digər hissələri isə 5 mərtəbəlidir.

 

Dünya standartlarına cavab verən Cərrahiyyə Mərkəzi 240 çarpayılıqdır. Hər mərtəbədə manipulyasiya, həkim otaqları, palatalar, laboratoriya və aptek mövcuddur. Burada 3 lift quraşdırılmışdır. Mərkəzin zəruri avadanlıq və ən müasir texnika ilə təchiz edilən poliklinikası, reanimasiya zalı, ümumi cərrahiyyə, qaraciyər-öd yolları cərrahiyyə bölməsi, damar cərrahiyyəsi şöbəsi, mədə-bağırsaq cərrahiyyə bölməsi, endokrin cərrahiyyə şöbəsi, ürək cərrahiyyəsi, uşaq ürək cərrahiyyəsi, kardiocərrahiyyə əməliyyat blokunda və digər əməliyyat otaqlarında hər bir zəruri cərrahi müdaxiləni həyata keçirmək mümkündür. Tibb ocağının həyətyanı sahəsi abadlaşdırılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Mərkəzdə Akademik Mustafa Bəy Topçubaşovun abidəsi qoyulmuşdur.

 

Dövlətimizin başçısı və xanımı əvvəlcə Mərkəzin birinci mərtəbəsində qəbul və poliklinika şöbələri ilə tanış oldular. Bildirildi ki, bu mərtəbədə endoskopiya və kompyuter tomoqrafiyası kabinetləri fəaliyyət göstərir. Burada quraşdırılan tibbi avadanlıq Almaniyadan gətirilmiş və texnologiyanın ən müasir standartlarına cavab verir. Bu mərtəbədə, həmçinin rentgen kabineti, ultrasəs müayinəsi, elektrokardioqram və exokardioqram, qanalma və qanköçürmə otaqları fəaliyyət göstərir.

 

Prezident İlham Əliyev Mərkəzin altıncı mərtəbəsindəki kardiocərrahiyyə əməliyyat bloku ilə də yaxından tanış oldu. Bu mərtəbədəki angioqrafiya otağında dünyanın aparıcı şirkətlərindən biri olan “Siemens”in istehsalı olan tez və dəqiq diaqnoz qoymağa imkan verəcək aparat quraşdırılmışdır. Almaniya və İsveçrədən gətirilən avadanlıqla təchiz olunmuş üç əməliyyat otağında həm böyüklər, həm də uşaqlar üzərində ürək cərrahiyyə əməliyyatı aparmaq mümkündür. Bu mərtəbədə, həmçinin 7 çarpayılıq kardioreanimasiya palatası da vardır. Burada uşaqlara və böyüklərə ən müasir tibbi xidmət göstəriləcəkdir. Laboratoriya və aptekin də kardiocərrahiyyə əməliyyat blokunda olması isə vaxta qənaət etməyə imkan verəcəkdir.

 

Beşinci mərtəbə ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, burada respublikada ilk dəfə uşaq ürək cərrahiyyə mərkəzi yaradılmışdır. Palatalar uşaqların zövqünə uyğun tərtib olunmuşdur. Balacaların müayinə və müalicəsi zamanı onların əyləncəsi və rahat qidalanmaları da nəzərə alınmışdır. Artıq bundan sonra ürəklərində qüsur olan uşaqların xarici ölkələrdə müalicəsinə və cərrahiyyə əməliyyatına ehtiyac olmayacaqdır. Bu mərtəbədə, həmçinin ürək cərrahiyyə şöbəsi və 13 çarpayılıq reanimasiya zalı da yaradılmışdır.

 

Elmi Cərrahiyyə Mərkəzinin dördüncü mərtəbəsində mədə-bağırsaq cərrahiyyəsi bölməsi, endokrin cərrahiyyə şöbəsi və əməliyyat bloku yerləşir. Məlumat verildi ki, buradakı 6 əməliyyat otağının hər biri ən müasir avadanlıqla təchiz olunmuşdur. Üçüncü mərtəbədə qaraciyər-öd yolları və damar cərrahiyyəsi bölmələri, kliniki-diaqnostika laboratoriyası yerləşir. İnzibati otaqlar isə Elmi Cərrahiyyə Mərkəzinin ikinci mərtəbəsindədir. Burada Azərbaycan Milli Elmlər Akademiyasının təbabət üzrə həqiqi üzvlərinin - akademiklərin fotolarından ibarət stend də yaradılmışdır. Yetmiş nəfərlik konfrans zalında isə müxtəlif tədbirlər keçirmək mümkün olacaqdır. Bu mərtəbədə, həmçinin ikinəfərlik palatalar və 10 çarpayılıq dializ otağı vardır. Mərkəzin inzibati otaqları da bütün lazımi avadanlıqla təchiz olunmuşdur.

 

Mərkəzin kollektivi ilə görüşən Prezident İlham Əliyev Mərkəzinin əsaslı təmirdən sonra açılışını çox gözəl hadisə kimi dəyərləndirdi. Mərkəzlə tanışlığı zamanı bütün işlərin yüksək səviyyədə görüldüyünü vurğuladı.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

27/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013