Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Naziri Oqtay Şirəliyev Budapeştdə “Səhiyyə İnvestisiya Forumu”nda iştirak etmişdir

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 17 may 2013-cü il tarixdə Budapeştdə keçirilmiş “Azərbaycan Səhiyyə Forumu”nda iştirak etmişdir.

 

"Səhiyyə İnvestisiya Forumu” Macarıstan Ticarət və İnvestisiya Agentliyinin (HİTA) təşəbbüsü ilə təşkil edilmişdi. Səfər proqramında Macarıstan Respublikasının Dövlət rəsmiləri, Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının həmsədri ilə rəsmi görüşlər, habelə 9 macar səhiyyə qurumunun iştirakı ilə Macarıstan Ticarət və İnvestiya Agentliyində dəyirmi masada müzakirələr nəzərdə tutulmuşdur.

 

Səfər proqramı 17 may 2013-cü il tarixdə Macarıstan Respublikasının İnsan Resursları Naziri cənab Zoltan Baloq və Dövlət Səhiyyə Katibi cənab Mikloş Zoşka ilə görüşlə başlamışdır. Qeyd edək ki, Macarıstanın səhiyyə texnologiyaları və əczaçılıq sənayesində fəaliyyət məhz İnsan Resursları Nazirliyinin səlahiyyətləri çərçivəsində həyata keçirilir.

 

Görüşdə macar nazir ölkəsinin Avropa Şurasında fəaliyyəti ilə bağlı strateji istiqamətlərini vurğulamış və Şərq Tərəfdaşlığı çərçivəsində digər ölkələrlə və xüsusilə də Azərbaycan Respublikası ilə əməkdaşlıq əlaqələrinin müstəsna əhəmiyyətini bir daha qeyd etmişdir.

 

Nazir ölkələrimiz arasında iqtisadiyyatın digər sahələri ilə əməkdaşlıq əlaqələrinin inkişafını qeyd edərək səhiyyə və sosial sahədə də əməkdaşlıq məhsuldar əlaqələrinin olduğunu bildirmişdir.

 

Dövlət Səhiyyə Katibi cənab Mikloş Zoşka da ölkələrində səhiyyə sahəsində aparılan islahatlar, ilkin səhiyyə xidmətlərinin inkişafı, regionlarda səhiyyə xidmətlərinin göstərilməsi, habelə qarşıda olan perspektiv layihələr haqqında xülasə məlumat vermişdir.

 

Səhiyyə naziri O.Şirəliyev ölkəmizdə səhiyyə və tibb elmi sahəsində aparılan islahatlardan, tibbi təhsil sistemində olan yeniliklərdən, həkimlərin tibbi sertifikasiya və tibbi rezidentura sisteminin tətbiqi haqqında məlumat vermişdir. Nazir həmçinin öz çıxışında son illər Azərbaycanda yeni tikilən səhiyyə müəssisələrinin təchizatı, habelə ən son tibbi texnologiyaların tətbiqi və bunların içərisində macar istehsalı olan əczaçılıq və tibbi texnologiyaların da olduğunu vurğulamışdır.

 

Daha sonra səfər proqramının davamı olaraq Macarıstan Ticarət və İnvestiya Agentliyində dəyirmi masa keçirilmişdir. Tədbirdə 77 Elektronika, Milli Onkologiya Mərkəzi, VMD Hospital Technology, Peto İnstitute, KPS Molekular Diagnostic Services, Medicor Electronics, milli nevrologiya İnstitutu, Dispromedicor və Meditop şirkətləri təqdimatları ilə çıxış etmişdirlər. Azərbaycan tərəfi hər bir təqdimat üzrə müdaxilələr və konkret təkliflərlə çıxış etmişdir.

 

Səfər proqramının yekunu olaraq İqtisadi Əməkdaşlıq üzrə Macarıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri, Xarici İqtisadi Əlaqələr üzrə Dövlət Katibi cənab Piter Siarto ilə görüş keçirilmişdir.

 

Cənab Siarto ölkəmizin Avropa enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynadığını, ölkələrimiz arasında iqtisadi, ticarət və humanitar sahədə məhsuldar əməkdaşlıq əlaqələrinin mövcudluğundan, habelə Azərbaycan və Bakı xatirələrindən danışmışdır.

 

Dövlət Katibi çıxışında ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində də əməkdaşlıq əlaqələrini, xüsusilə Budapeştdə keçirilmiş “Səhiyyə İnvestisiya Forumu”nun əhəmiyyətini vurğulamışdır.

 

Azərbaycan tərəfi öz növbəsində bildirmişdir ki, Azərbaycan Respublikası ilə Macarıstan Respublikası arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair Saziş imzalanmamışdır. Sazişin olmamağına rəğmən ölkələrimiz arasında səhiyyə və sosial sahədə məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr Azərbaycan - Macarıstan Birgə Hökumətlərarası Komissiyasının qərarlarına uyğun olaraq həyata keçirilir.

 

Görüşlərdə Azərbaycan Respublikasının Macarıstan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri cənab Vilayət Quliyev də iştirak edirdi.

 

17 may 2013-cü il tarixində Macarıstana səfər başa çatmışdır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

5/06/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013