Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Assambleyasının 66-cı sessiyasında iştirak etmişdir

Səhiyyə naziri Oqtay Şirəliyev 20-30 may 2013-cü il tarixlərdə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilmiş Ümumdünya Səhiyyə Assambleyasının 66-cı və Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 133-cü sessiyalarında iştirak etmişdir.

 

Tədbirin gündəliyinə ÜST Baş Direktoru Dr. M. Çanın hesabatı, regional komitələrin İcraiyyə Komitəsinə hesabatları, ÜST islahatları, qeyri infeksion xəstəliklərə qarşı mübarizə, ÜST islahatları, Beynəlxalq Səhiyyə Qaydaları, əlillik və həssas qrupların sosial həyata qaytarılması, sağlam həyat tərzinin təşviqi, səhiyyənin sosial determinantları, səhiyyə və sosial sektorun maliyyələşdirilməsi, ÜST təşkilatında idarəçilik və digər məsələlər daxil edilmişdir.

 

Hər il olduğu kimi 66-cı sessiyada da Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Dr. Marqaret Çan hesabat məruzəsi ilə çıxış etmişdir.

 

Baş Direktor öz məruzəsində təşkilatın son illərdə qazandığı nailiyyətlərdən, yeni təzahür edən infeksion xəstəliklərə qarşı effektiv mübarizə metodlarının tətbiqindən, geniş masştablı immunizasiya tədbirlərindən, Minilliyin inkişaf məqsədlərində səhiyyəyə aid hədəflərin təyini və onlara nail olmaqdan, AİDS-lə mübarizə metodlarından və antiretroviral müalicənin geniş tətbiq edilməsindən, digər beynəlxalq təşkilatlarla məhsuldar əməkdaşlığın nəticələrindən, bir sıra infeksiyaların tamamilə ləğv edilməsindən, habelə üzv ölkələrin səhiyyə və sosial sferaya maliyyə yatırımlarından və bunun müstəsna əhəmiyyətindən söz açmışdır.

 

Baş Direktor ana və uşaq sağlamlığının qorunması və son zamanlar Yaxın Şərqdə baş verən siyasi hadisələrdə səhiyyə məsələlərinin həlli, habelə infeksion və qeyri infeksion xəstəliklərə qarşı aparılan mübarizənin uğurlu nəticələrindən söz açaraq qeyri infeksion xəstəliklərə qarşı mübarizənin qloballaşdırılması və bunun bütün ÜST regionlarına şamil edilməsinin əhəmiyyətini xüsusilə vurğulamışdır. Baş direktor infeksion xəstəliklərə qarşı mübarizədə 2007-ci ildə qüvvəyə minən Beynəlxalq Tibbi Sanitar Qaydalarının əhəmiyyətini qeyd etmişdir.

 

İlkin plenar müşavirələrdən sonra Assambleya öz işini Komitələrdə Komitələrində davam etdirmişdir.

 

Komitələrdə səhiyyənin texniki məsələləri, Beynəlxalq Tibbi-Sanitar Qaydaların həyata keçirilməsi, İctimai səhiyyə və innovasiyalar, Minilliyin İnkişaf Məqsədlərində səhiyyə məsələləri, infeksion xəstəliklərlə mübarizə, yeni doğulmuşların qidalanması, malyariya, vəbaya qarşı mübarizə, poliomielitin aradan qaldırılması, qan məhsullarının təhlükəsizliyi və keyfiyyəti, səhiyyə sahəsində elmi tədqiqat işlərinin aparılmasında ÜST-nın rolu, qlobal immunizasiya strategiyası, işğal olunmuş Fələstin ərazilərində səhiyyənin vəziyyəti, təbii çiçək ehtiyatlarının ləğv edilməsi və digər məsələlər müzakirə edilmişdir.

 

Ümumdünya Səhiyyə Assambleyasının 66-cı sessiyasının keçirildiyi tarixlərdə Azərbaycan nümayəndə heyəti ÜST Baş Direktoru və Direktorun Katibliyi ilə, Belarus Respublikasının , Əfqanıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan səhiyyə nazirləri ilə, Malta Respublikasının səhiyyə naziri, ÜST Avropa Regional Direktoru ilə, ÜST Baş Direktoru Marqaret Çan işçi görüşlər keçirilmişdir.

 

Görüşlərdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıqın inkişaf etdirilməsi, habelə tibbi kadrların diplomdan sonrakı hazırlığı üzrə əlaqələrin davam etdirilməsi məsələləri müzakirə edilmişdir.

 

Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Assambleyasının 66-ci sessiyasında İnfeksion xəstəliklərə qarşı mübarizə, qeyri infeksion xəstəliklər, malyariya, psixi sağlamlıq strategiyası, epidemioloji nəzarətə dair çıxışlar etmişdir.

 

28 May 2013-ci il tarixdə Ümumdünya Səhiyyə Assambleyasının 66-cı sessiyası öz işini başa vurmuşdur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

5/06/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013