Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Prezident İlham Əliyev Hemodializ Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Tovuzda Hemodializ Mərkəzinin açılışında iştirak etmişdir Dövlət başçısı səhiyyə ocağının rəmzi açılışını bildirən lenti kəsmişdir. Müalicə diaqnostika mərkəzlərinin və digər səhiyyə obyektlərinin tikilib istifadəyə verilməsi regionlarda əhalinin müayinə və müalicəsinin lazımi səviyyədə təşkilinə əlverişli şərait yaratmışdır. Böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə son illər dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Tovuzda Hemodializ Mərkəzinin tikilməsi bunu bir daha sübutudur. Mərkəzlə tanışlıq zamanı diqqətə çatdırıldı ki, üçmərtəbəli səhiyyə ocağının tikintisinə 2008-ci il sentyabrın 24-də başlanmışdır. Mərkəzin təməlqoyma mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Hemodializ Mərkəzinin inşaat işləri müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilmişdir. Hemodializ Mərkəzində qəbul, hemodializ və diaqnostika şöbələri fəaliyyət göstərir və burada müasir tipli 20 hemodializ aparatı quraşdırılmışdır. Diqqətə çatdırıldı ki, hazırda Azərbaycanda 2208 nəfər böyrək çatışmazlığından əziyyət çəkir. Onların hamısı dövlət vəsaiti hesabına müalicə alır, müvafiq dərman vasitələri ilə tam təmin olunurlar. Qərb bölgəsində böyrək çatışmazlığından əziyyət çəkən xəstələr Hemodializ Mərkəzinin xidmətindən istifadə edə biləcəklər. Ümumilikdə qərb bölgəsi üzrə 308 hemodializ xəstəsi vardır. Bu günədək Tovuz və Qazax rayonlarından olan xəstələr Gəncədəki Hemodializ Mərkəzinin xidmətindən istifadə edirdilər. Yeni Mərkəzin fəaliyyətə başlamasından sonra artıq bu bölgədən olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin hemodializ seansları qəbul etmək üçün respublikanın digər regionlarına və Bakıya getmələrinə ehtiyac olmayacaqdır.

 

Məlumat verildi ki, Tovuz Hemodializ Mərkəzində iki növbədə təqribən 160 xəstə dializ olunacaqdır. Mərkəzin müasir şəraitlə təmin edilməsi, ilk növbədə, burada tibbi müayinə və müalicə işinin ən yüksək səviyyədə təşkili və aparılması üçün hərtərəfli imkan yaradır. Bu tibb ocağının istifadəyə verilməsi həm də ölkəmizdə səhiyyə sisteminin ən müasir səviyyəyə çatdırılması istiqamətində dövlət tərəfindən görülən tədbirlərin növbəti uğurudur. Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən bu tədbirlər Azərbaycanda səhiyyə sisteminin daha yaxşı təşkilinə geniş imkanlar açmışdır.

 

Prezident İlham Əliyev mərkəzlə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür və onları belə bir əhəmiyyətli mərkəzin açılışı münasibəti ilə təbrik etmişdir.

 

- Bu gün yenə Tovuzdayam, çox şadam, sizinlə bərabər olmağımdan çox məmnunam. Keçən il də görüşmüşdük. Son illər ərzində bir neçə dəfə Tovuza gəlmişəm və bu gün də gözəl açılışlar, gözəl tədbirlər keçirilir. Əlbəttə, onların içində bu Diaqnostika və Hemodializ Mərkəzi xüsusi yer tutur.

Yadımdadır, bu mərkəzin təməl daşını bərabər qoymuşduq və şadam ki, indi gözəl bir tibb ocağı yaradılıbdır. Bütün şərait vardır. Bunun adı Hemodializ Mərkəzidir, amma əslində burada həm diaqnostika, həm müalicə, eyni zamanda, cərrahiyyə üçün imkanlar vardır. Böyük bir tibb mərkəzidir və hesab edirəm ki, vətəndaşlar bu mərkəzdən səmərəli şəkildə istifadə etməlidirlər. Əlbəttə ki, ilk növbədə, profilaktik tədbirlər görülməlidir. Diaqnostika müalicənin aparılması üçün başlıca şərtdir. Mən bütün tibb ocaqlarının açılışlarında qeyd edirəm və bir daha deyirəm, gərək vətəndaşlar vaxtlı-vaxtında müayinədən keçsinlər ki, öz sağlamlıqlarını qoruya bilsinlər.

 

İnsan amili bizim siyasətimizin prioritetidir. Bu mərkəzlərin açılması da onu göstərir ki, çox güclü sosial siyasət aparılır.

 

Bu diaqnostika və müalicə mərkəzlərinin tikintisi indi geniş vüsət almışdır. Son 10 il ərzində Azərbaycanda 500-dən çox tibb mərkəzi tikilmişdir və demək olar ki, bütün bölgələrdə keyfiyyətli tibbi xidmət almaq üçün indi imkan vardır. Avadanlıq ən müasir standartlara cavab verir, memarlıq baxımından bütün xəstəxanalar çox gözəldir, çox genişdir, rahatdır və demək olar ki, indi elə bölgə yoxdur ki, orada müasir tibb ocağı olmasın. Məhz qarşıya belə məqsəd qoyulmuşdur ki, hər bir yaşayış məntəqəsində, böyük şəhərlərdə, rayon mərkəzlərində keyfiyyətli tibbi xidmət olmalıdır. Mən şadam ki, artıq Tovuzda da bu mərkəz yaradılır və insanların sərəncamına verilir.

 

Deyə bilərəm ki, son illər bütövlükdə səhiyyə sahəsində nəticələr yaxşıdır. Bunu həm biz deyirik, həm də beynəlxalq qurumlar və onların arasında dünya miqyasında bu məsələlərlə məşğul olan Dünya Səhiyyə Təşkilatı bunu qeyd edir.

 

Keçən il Bakıda keçirilmiş Avropa Konfransında qeyd olundu ki, Azərbaycanda səhiyyə sahəsində böyük irəliləyiş əldə edilmişdir. Bunu statistik göstəricilər də təsdiqləyir. Səhiyyə sisteminin səmərəliliyini göstərən bir neçə meyar vardır.

 

Onların arasında insanların ömrünün uzunluğu, - Azərbaycanda bu istiqamətdə irəliləyiş vardır, - artır, uşaq ölümü isə azalır. Uşaq ölümü bizdə bütün dövrlərdə böyük problem idi. Bu gün də o problem hələ ki, lazımi səviyyədə həll olunmur.

 

Hələ ki, biz inkişaf etmiş ölkələrdən bir az geridəyik. Ancaq hesab edirəm ki, belə mərkəzlərin yaradılması və digər tədbirlərin görülməsi nəticəsində biz bu sahədə də dünyanın aparıcı ölkələrinin səviyyəsinə qalxmalıyıq və digər göstəricilər deməyə əsas verir ki, səhiyyə sisteminin təkmilləşməsində yaxşı nəticələr vardır.

 

Amma hələ ki, bu sahə bizi tam qane edə bilməz. Əlbəttə ki, biz çalışırıq müasir mərkəzlər tikilsin, avadanlıq alınır, böyük vəsait xərclənir. Ancaq bəzi hallarda xidmətlərin keyfiyyəti bizi qane etmir və bu məsələlər üzərində daha da çox işləməliyik.

 

Burada göstəriləcək xidmət əminəm ki, yüksək səviyyədə olmalıdır. Yaxın zamanlarda bu mərkəz fəaliyyətə başlayacaqdır. İndi fəaliyyətə başlamaq üçün bütün imkanlar vardır. Burada yaxşı həkim heyəti formalaşmalıdır ki, Tovuz rayonunun sakinlərinə yaxşı xidmətlər göstərilsin. İnsanın sağlamlığı üçün lazım olan amillər bəllidir. İlk növbədə, diaqnostika və müalicə vaxtında aparılmalıdır, eyni zamanda, əlbəttə ki, ətraf mühit yaxşı vəziyyətdə olmalıdır. Bu baxımdan Tovuzda heç bir problem yoxdur, ekoloji vəziyyət burada yaxşıdır. İçməli su mütləq təmiz olmalıdır və bu gün biz Tovuzda içməli su layihəsinin istismara verilməsini qeyd edəcəyik. Bu da hesab edirəm ki, böyük hadisədir. Ondan sonra əlbəttə ki, keyfiyyətli qida olmalıdır. Biz bu məsələyə də diqqət yetiririk. Müvafiq orqanlar istehlak bazarındakı vəziyyəti müşahidə edir, nəzarət edirlər. Hesab edirəm ki, bu istiqamətdə də irəliləyiş vardır. Digər amillər də öz rolunu oynayır. Onların arasında idman da çox vacib məsələdir. Tovuzda artıq neçə ildir ki, idman mərkəzi vardır. Yəni bütün bu amillər insanların sağlamlığını təmin edir və eyni zamanda, maddi rifah məsələləri. Son illər ərzində biz Azərbaycanda bütün bu istiqamətlər üzrə yaxşı dinamikanı görürük. Nəinki Tovuzda, istənilən bölgədə, bütün bu istiqamətlər üzrə bizim siyasətimiz aparılır. Bu ilin sonunda regionların sosial-iqtisadi inkişafı üzrə ikinci Dövlət Proqramı başa çatır və proqramda nəzərdə tutulmuş bütün məsələlər artıqlaması ilə öz həllini tapır.

 

Gələcək planlarımızla bağlı da bizim kifayət qədər dəqiq fikirlərimiz vardır. Gələcək illərdə Azərbaycan əlbəttə ki, bundan da sürətlə inkişaf etməlidir və edəcəkdir.

 

Bütün bu layihələr insanlar üçündür, ölkəmiz üçündür, sizin üçündür və dövlətin borcudur ki, bu siyasəti aparsın. 2008-ci illərdə mən belə ifadələr işlədirdim ki, hər şey dünya səviyyəsində olmalıdır. Amma iş burasındadır ki, son beş il ərzində dünya standartları bir qədər aşağı düşdü, Azərbaycan standartları qalxdı.

Belə mərkəzlər deyə bilərəm ki, hər bir inkişaf etmiş ölkə üçün bir nümunə olmalıdır. Hesab edirəm ki, belə də vardır.

 

Çünki mən dünyanın müxtəlif yerlərində olmuşam. Əlbəttə ki, vəziyyətlə tanış olmuşam. Deyə bilərəm ki, belə yaraşıqlı, gözəl, o cümlədən memarlıq baxımından gözəl tibb mərkəzləri heç də hər bir ölkədə tikilmir. Azərbaycanda dövlət nəzarətində olan bütün obyektlər böyük zövqlə, ustalıqla tikilir. Eyni zamanda, bu obyektlər şəhərləri gözəlləşdirir. Bax bu mərkəz də öz memarlığı ilə seçilir. Burada və bütünlükdə bizim tibb ocaqlarında yaradılan şərait, alınan avadanlıqlar ən müasir standartlara cavab verir. Çünki mən həmişə deyirəm ki, ən yaxşı şərait bizdə olmalıdır. Azərbaycan vətəndaşı yaşadığı bölgədən asılı olmayaraq ən gözəl xidmətə malik olmalıdır. Ona görə bizdə tikilən məktəblər elə bil ki, saraydır.

 

Bizdə tikilən xəstəxanalar da, həmçinin çəkilən yollar, digər obyektlər də yüksək səviyyədədir. Son bir neçə il ərzində mən daha çox Azərbaycan standartları haqqında danışıram. Əgər biz dünyada gedən proseslərə siyasi, iqtisadi hadisələrə nəzər salsaq, görərik ki, doğrudan da Azərbaycan standartları bu gün bir çox ölkələr üçün nümunə olmalıdır. Bizdə olan sabitlik, inkişaf, hətta böhranlı illərdə yaşanan tərəqqi deyə bilərəm ki, heç bir yerdə yoxdur. Azərbaycanda mövcud olan sabitlik, ictimai asayiş - bütün bunlar reallıqlardır. Biz Azərbaycan vətəndaşları bu reallıqlara öyrəşmişik. Ancaq heç də hər yerdə belə deyildir. İndi biz televizordan, başqa informasiya mənbələrindən görürük ki, nə qədər böyük problemlər yaşanır dünyanın istənilən yerində. Bütün qitələrdə çox ağır hadisələr baş verir. Azərbaycan elə bil ki, bir inkişaf, sabitlik, həmrəylik adasıdır. Bunun əsas səbəbi ondan ibarətdir ki, Azərbaycanda aparılan işlər xalq tərəfindən nəinki dəstəklənir, eyni zamanda, xalq bilavasitə bu işlərin iştirakçısıdır. Görülən bütün işlər bir məqsədi güdür ki, Azərbaycanın maraqları müdafiə olunsun, qorunsun, daha da yaxşı şərait yaradılsın, maddi rifah artsın, ölkəmiz dövlət müstəqilliyini qorusun, möhkəmləndirsin və bölgədəki mövqelərini daha da gücləndirsin.

Hesab edirəm ki, son illər ərzində biz böyük dərəcədə bu hədəflərə çata bilmişik. Bu hədəflər hələ 2003-cü ildə qarşıya qoyulmuşdur. Son 10 il ərzindəki işlər hesab edirəm ki, təqdirə layiqdir. Ancaq bunu əlbəttə ki, siz qiymətləndirməlisiniz. Mən sadəcə olaraq çalışıram və çalışacağam ki, sizə - yəni Azərbaycan vətəndaşlarına xidmət edim. Görəndə ki, gözəl bir nəticə əldə olunur, əlbəttə, mən də sizin qədər buna sevinirəm. Sağ olun.

 

Sonda çıxış edən rayon ictimaiyyətinin nümayəndəsi A. Dəmirova Azərbaycanın tərəqqisinə, xalqın firavanlığına, həmçinin Tovuzun inkişafına göstərdiyi diqqət və qayğıya görə tovuzluların ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmışdır.

 

azertag.com materiallarından istifadə olunmuşdur.

8/07/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013