Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Distant təhsil və videoməsləhətləşmələr

Respublikada İnternet texnologiyalarının təhsildə, elmdə, səhiyyədə, mədəniyyətdə, innovasiya fəaliyyətində geniş tətbiqi bilik iqtisadiyyatının daha yüksək səviyyədə və sürətlə formalaşmasına imkan verir. Bununla əlaqədar elmi-texniki problemlərin araşdırılmasında, müvafiq elmi-tədqiqat və praktik xarakterli, ümumdövlət əhəmiyyətli layihələrin həyata keçirilməsində Azərbaycan alimlərinin, o cümlədən də Ə. Əliyev Adına Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun rolu böyükdür.

 

Məlumat üçün xatırladaq ki, distant təhsil tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirən təhsil formasıdır.

 

Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimdə xüsusi vasitə və texnologiyalardan istifadə və s. məsələlər aiddir.

 

Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən şəxslərə real təhsil imkanı yaradır.

 

Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant tədris e-works xüsusi sistemi ilə həyata keçirilir.

 

Bu gün informasiyalar müdavimlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerliş və c. formalarda təqdim olunur. Tədrisdə son model kompüterlər, proyektorlar, audio-video vəsaitlər, multimedia texnikası və s. vəsaitlərdən istifadə edilir. Tədris 5 kafedra ( terapiya, pediatriya, ailə təbabəti, mama genikologiya, cərrahiyə ixtisasları) üzrə Qəbələ, Qazax, Şirvan, Lənkəran, Bərdə, Zaqatala, Quba, Göy-göl, Yevlax, Hacıqabul, Quba, Bərdə, Şəmkir, Cəlilabad, Şirvan, Şəki, Salyan, Şamaxı, və s. bölgələrdə tətbiq edilmişdir. Bu günə kimi distant tədris vasitəsi ilə pediatriya ixtisası üzrə -154, terapiya - 93, ailə təbabəti - 47, mama ginekologiya -38, cərrahiyyə -I -15 müdavim öz iş yerlərini və yaşadığı ərazini tərk etmədən tədris almağa müvəffəq olmuşlar.

 

Yaradılmış texniki imkanlar sayəsində həkimlərin interaktiv təhsilini həyata keçirmək, habelə respublikamızdakı müasir tibb mərkəzlərində, xarici ölkələrdə, keçirilən diaqnostik müayinələri və əməliyyatları indiki zaman anında izləmək mümkündür. Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu həm daxili və həm də müxtəlif xarici ölkələrdəki səhiyyə təşkilatları ilə əməkdaşlıq edir. Həmin təşkilatlardakı professor və müəllim heyəti ilə videoməsləhətləşmələr aparır. Bu məsləhətləşmələrdə pasient haqqında lazım olan tibbi informasiyanı həm qəbul etmək və həm də ötürmək imkanları vardır. Planlı məsləhətləşmələr xəstə haqqında məlumatı vaxtında və qabaqcadan öyrənərək müəyyən sürətli nəticələr əldə etmək imkanı verir. Bu məsləhətləşmələrdə xəstənin qohumları da iştirak edə bilir, hansı ki, bu da məsləhətçiyə xəstənin həyat göstəriciləri haqqında daha dəqiq informasiya almaq və pasientin vəziyyəti ilə əlaqədar qəti qərara gəlmək imkanı verir.

 

Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

25/06/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013