Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində 2010-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 2010-cu il ərzində görülmüş işlərə dair geniş kollegiya iclası keçirilmişdir.

 

İclasda qonaq qismində iştirak edən Azərbaycan Respublikası Prezidentinin xüsusi Tibbi Xidmətinin rəhbəri, Milli Onkologiya Mərkəzinin direktoru, görkəmli akademik Cəmil Əliyev, və Fövqəladə Hallar nazirinin müavini, tibb xidməti general – leytenantı Faiq Tağızadə də iştirak edirdi.

 

İclası giriş sözü ilə acan nazir Oqtay Şirəliyev öncə bütün kollegiya iştirakçılarını, o, cümlədən bütün səhiyyə işçilərini qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəyliyi və “Yeni il” bayramları münasibəti ilə təbrik etdi.

 

Daha sonra müzakirələrə başlandı. İlk olaraq 2010-cu il ərzində səhiyyə sahəsində görülmüş işlər haqqında danışmaq üçün söz Səhiyyə Nazirliyi Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Soltan Əliyevə verildi.

 

Tibbi yardımın təşkili sahəsində görülən işlər haqqında qısaca məlumat verən S. Əliyev cari il ərzində Səhiyyə Nazirliyi tərəfindən 45 iri səhiyyə müəssisəsində təmir-tikinti işlərinin aparıldığını, nazirliyin yeni inzibati binasının, Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasının, M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının, Ə. Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının, M. Toçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin, Respublika Psixiatriya xəstəxanasının 3 korpusunun, Kliniki Tibbi Mərkəzin hemodializ şöbəsinin habelə Balakən Rayon Mərkəzi Xəstəxanasının və.s istifadəyə verilməsini eləcədə və müasir tibbi avadanlıq və inventarla təchiz olunmasını bildirdi.

 

Səhiyyə sahəsində qəbul edilmiş Dövlət Proqramlarının icrası uğurla davam etdirilmişdir. Proqramların icrasına 5 il ərzində 200 milyon manata yaxın büdcə vəsaiti sərf olunmuşdur.

Fərəhləndirici haldır ki, səhiyyənin prioritet sahələri olan şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikası üzrə növbəti beş ili əhatə edən yeni proqramlar hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.

 

Hökumətin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, irsi qan xəstəliyi, böyrək çatışmazlığı və s. xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yaxşılaşmış, ölüm hallarının sayı azalmışdır.

 

Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 21 mərkəzdə 1500-ə yaxın xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar.

Uzun illərdən bəri mövcud olan növbə demək olar ki, ləğv edilmişdir.

 

Ana və uşaqların sağlamlığının qorunması dövlət proqramı ilə nəzərdə tutulmuş 7 perinatal mərkəzdən 5-i (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Quba) artıq fəaliyyət göstərir. Digər 2-si isə yaxın vaxtlarda istifadəyə veriləcək.

 

Ötən il ərzində qan xidmətinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilmişdir.

 

Son illər ərzində tədarük olunan qan və onun komponentlərinin miqdarı artmış, əhalinin qanvermə aksiyalarına cəlb edilməsi işi aktivləşmişdir. Hazırda tibb müəssisələrinin və xəstələrin qana olan ehtiyacı tam ödənilir

 

Cərrahiyyə xidmətinin fəaliyyətini xarakterizə edən statistik rəqəmlərin təhlili göstərir ki, son illər ərzində bu sahədə də nəzərə çarpan müsbət dinamika mövcuddur.

 

Belə ki, ümumi cərrahi profilli stasionarlara daxil olan xəstələrin, eləcə də keçirilən cərrahi əməliyyatların sayı artmışdır. Bununla yanaşı, diaqnostik və taktiki səhvlər xeyli azalmışdır.

Uşaqlara cərrahi yardımın yaxşılaşdırılması məqsədilə K.Fərəcova adına ET Pediatriya İnstitutunda sutka ərzində fəaliyyət göstərən erkən yaşlı uşaqların cərrahiyyəsi şöbəsi yaradılmışdır.

Yoluxucu xəstəliklərlə mübarizə işində də müsbət nəticələr əldə edilmişdir.

 

Respublikada aparılmış geniş miqyaslı tədbirlər nəticəsində epidemioloji sabitlik yaranmış, idarəolunan xəstəliklərdən poliomielit, difteriya, qızılca, məxmərək qeydə alınmamış, epidemik parotit 2 dəfə azalmış, digər infeksiyalar üzrə də azalma qeyd olunmuşdur.

 

Malyariya xəstəliyinə qarşı 2008-2013-cü illər üçün qəbul olunmuş Milli Strategiyaya və Milli Fəaliyyət Planına uyğun olaraq profilaktik tədbirlər həyata keçirilməsi nəticəsində xəstələnmə səviyyəsi stabilləşmiş və cari ildə keçən illə müqayisədə 35% azalmışdır.

 

Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılmış Milli Referens Laboratoriyası artıq tam gücü ilə fəaliyyətə başlayıb və bu ilin aprel ayında Ümumdünya Səhiyyə Təşkilatının sertifikatını almışdır.

Bu ilin yazında Kür və Araz çaylarının daşma zonalarında aparılan operativ profilaktik tədbirlər nəticəsində epidemiya təhlükəsinin qarşısı alınmışdır. Təbii fəlakət zonasında ilk günlərdən operativ şəkildə səyyar səhiyyə xidməti yaradılmış və ehtiyacı olanların hamısına tam həcmdə tibbi yardım təmin edilmişdir.

 

Səhiyyəmizin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatıdır. Nazirlik tərəfindən cari ildə bu sahədə müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Tibb işçilərimizin bilik və peşə bacarıqlarının artırılmasına Səhiyyə Nazirliyi tərəfindən xüsusi diqqət yetirilir.

 

Bir neçə ildir ki, problemin həlli yollarından biri olan, bütün dünyada qəbul edilən, tibb işçilərinin sertifikasiyanın tətbiqi üzrə gərgin iş aparılır. Artıq bu istiqamətdə hazırlıq işləri başa çatdırılmış və gələn ilin əvvəlindən sertifikasiya prosesi başlanacaqdır.

 

Tibbi təhsilin müasir səviyyədə təşkili prinsiplərinə uyğun olaraq gələn ildən rezidentura sisteminə keçid də planlaşdırılır.

 

Respublikanın kənd yerlərində kadrların çatışmazlığını nəzərə alaraq Azərbaycan Tibb Universitetinin məzunlarının bilavasitə vakant yerlərə təyinatla göndərilməsi işi də davam etdirilmişdir. 2010-cu ildə məzunların 80%-nə bölgələrə təyinat verilmişdir.

 

Səhiyyə sahəsində son illər ərzində qazanılmış nailiyyətlər Azərbaycan səhiyyəsinin beynəlxalq aləmdə nüfuzunun xeyli artmasına səbəb olmuşdur.

 

Təsadüfi deyil ki, İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin Səhiyyə Nazirlərinin Birinci İclası bu ilin fevral ayında Bakıda keçirilmiş və Bakı Deklarasiyası qəbul edilmişdir.

 

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Komitəsinin cari ildə Moskva şəhərində keçirilən 60-cı sessiyasında qərar qəbul edilmişdir ki, növbəti Sessiyasının 2011-ci ildə Bakıda keçirilməsi qərara alınmışdır.

 

Soltan Əliyevin çıxışından sonra ölkə səhiyyəsinin ayrı-ayrı sahələrində görülmüş işlər, əldə olunmuş nailiyyətlər haqda çıxışlar oldu.

 

Çıxışçılar – Naxcıvan MR Səhiyyə naziri Niyazi Novruzov, ATU-nun rektoru Əhliman Əmiraslanov, Akad. M. Topçubaşov ad. Elmi - Cərrahiyyə Mərkəzinin direktoru Böyükkişi Ağayev, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru Elcan Məmmədbəyov, Quba MRX-nın baş həkimi İsmayıl Mirzəliyev elmi-praktiki fəaliyyətdən, dövlət proqramlarından irəli gələn görülmüş işlərdən və arxada qoyduğumuz 2010-cu il ərzində əldə olunan nailiyyətlər haqqında qısaca məlumatlar verdilər.

 

Çıxışların sonunda Səhiyyə Naziri Oqtay Şirəliyev bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarından, ölkə səhiyyəsində islahatlar aparılmasının zəruriliyi barədə göstərişlərindən, müəyyənləşdirdiyi prioritetlərdən danışdı və səhiyyə müəssisələrində təmir, tikinti və abadlaşdırma işləri, əldə olunan bütün nailiyyətlərin ölkə başçısının diqqət və qayğısının bariz nümunəsi olduğunu söylədi.

 

Nazir Oqtay Şirəliyev çıxışının sonunda bu günlərdə əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən Akad. M. Topçubaşov ad. Elmı - Cərrahiyə Mərkəzinin açılış mərasimində iştirak edən ölkə başçısı cənab İlham Əliyevin səhiyyədə Azərbaycan standartlarına qədəm qoyulması haqda ifadəsini ölkə səhiyyəsinə verilən ən yüksək qiymət olduğunu vurğuladı.

 

Kollegiyanın sonunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 28 dekabr 2010-cu il tarixli 103 saylı əmri ilə Səhiyyə sistemində səmərəli fəaliyyətlərinə görə 14 nəfər səhiyyə işçisinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təşəkkür edilməsi haqqında əmri oxundu və daha sonra Əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri Fərman”ları ilə təltif edilmiş 15 mütəxəssisə diplom və hədiyyələr təqdim olundu.

 

Təqdimetmə başa çatdıqdan sonra Oqtay Şirəliyev ölkədə baş vermiş fövqəladə hallarda tibb işçilərinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə fəaliyyət göstərmələrini xüsusi vurğuladı. Məhz bu səbəbdən də Fövqəladə hallar nazirliyi tərəfindən təltif olunmuş bir qrup Səhiyyə Nazirliyinin əməkdaşlarına “Fəxri fərman”lar Fövqəladə Hallar nazirinin tibb xidməti general – leytenantı Faiq Tağızadə tərəfindən təqdim olundu.

 

Sonda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 5-ci ildönümü, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə, Azərbaycan Respublikasının fövqəladə hallar, orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətlərinə, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak etdiyinə görə Azərbaycan Respublikası Səhiyyə Naziri Oqtay Şirəliyev 15 dekabr 2010-cu il tarixli əmr ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” Azərbaycan Respublikası yubiley medalı ilə təltif olundu.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

28/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013