Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə geniş tədbir keçirildi

İyunun 17-si Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətlə Səhiyyə nazirliyində nazir Oqtay Şirəliyevin rəhbərliyi ilə geniş kollegiya iclası keçirilmişdir. Tədbiri giriş sözü ilə açan nazir ilk olaraq bütün tibb işçilərini təbrik etdi onlara bu çətin və incə işlərində uğur və müvəffəqiyyətlər arzuladı.

 

Bildirildi ki, artıq 12-cu ildir ki, Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı qeyd olunur. Bu bayramı səhiyyə işçilərinə ulu öndərimiz Heydər Əliyev 2001-ci ildə imzaladığı sərəncamla bəxş etmişdir. Səhiyyə işçilərinin bayramı Azərbaycan Demokratik Respublikasında Səhiyyə Nazirliyinin yarandığı günə təsadüf etdiyinə görə, bu gün peşə bayramımız kimi qeyd olunur.

 

Daha sonra O.Şirəliyev ölkə başçısının diqqət və qayğısı nəticəsində son dövrlərdə ölkə iqtisadiyyatının inkişafından, strateji xəttimiz olan valyuta ehtiyatlarımızın artmasından, ölkəmizin son dövrlərdə mötəbər təbirlərdəki əhəmiyyətli iştiraklarından danışdı. Son illərdə məhz səhiyyə sahəsində görülmüş işlərdən, əldə olunmuş nailiyyətlər barəsində xatırladarkən bildirmişdir ki, Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Son 10 ildə ölkə büdcəsində səhiyyə xərcləri 11 dəfədən çox artmışdır. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilmişdir. Maddi-texniki bazası gücləndirilən tibb müəssisələri indi bir sıra hallarda dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, bəzən isə hətta onları üstələyir. Məhz elə buna görə də, Prezident İlham Əliyev ölkə səhiyyəsinə qiymət verərək demişdir: “Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik”.

 

Səhiyyənin ən aktual problemləri üzrə qəbul edilmiş dövlət proqramlarının icrası əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar çox mühüm vəzifələri uğurla yerinə yetirməyə imkan yaradır. Bu gün həmin proqramların icrası nəticəsində ölkədə 27 Hemodializ mərkəzi, Heydər Əliyev Fondunun rəhbəri xanım Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan “Talassemiya” mərkəzi, Milli Onkologiya Mərkəzinin Uşaq klinikası, Respublika Uroloji Klinik Xəstəxanası, Avropa standartlarına uyğun ən son texnologiyalarla təchiz olunmuş Diaqnostika mərkəzləri əhaliyə lazımi xidmət edir. Bu gün ölkəmizdə ən ağır orqan transplantasiya əməliyyatları uğurla icra olunur ki, bu da xaricə üz tutmaq istəyən vətəndaşlarımıza böyük köməkdir. Məhz bu işlərin nəticəsidir ki, hər il əcnəbi ölkələrə müalicə üçün üz tutan vətəndaşların sayı azalır.

 

Nazir bildirdi ki, ölkəmizdə yüksək ixtisaslı kadr hazırlığına çox böyük önəm verilir. Tibb təhsilində rezidenturanın tətbiqi, tibb işçilərinin sertifikasiyası və mərkəzləşmiş imtahanla işə qəbulu da məhz buna xidmət edir. Bildirmişdir ki, bu gün yüzlərlə azərbaycanlı həkim həm xarici ölkələrin klinikalarında, həm də Azərbaycana dəvət olunmuş aparıcı mütəxəssislərin keçdiyi təlimlərdə öz biliklərini zənginləşdirirlər. Daha sonra Oqtay Şirəliyev Təcili Təxirəsalınmaz Xidməti işinin uğurlu təşkilindən, stabil olan epidemioloji durumdan, dərman təchizatı haqda da məlumat verdi.

 

Nazir çıxışının sonunda dövlət başçısının səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar olduğunu bildirdi və bu il keçiriləcək Prezident seçkilərində ölkəmizdə əmin-amanlıq, firavan və xoşbəxt gələcək naminə cənab İlham Əliyevin namizədliyini bütün tibb işçiləri tərəfindən dəstəklənəcəyini bildirdi.

 

Daha sonra kollegiya katibi Azərbaycan Respublikasının səhiyyə işçilərinin Əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətlərində görə Azərbaycan Respublikası səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında imzaladığı Azərbaycan Respublikası Prezidentinin Sərəncamını səsləndirdi.

 

Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

 

Ağayev Elsevər Məmməd oğlu

Axundova Səkinə Nüsrət qızı

Hacıyeva Elmira Ələkbər qızı

Mahmudova Şəfiqə Əhməd qızı

Məmmədov Cabir İsrafil oğlu

Nəcəfov Tahir Əkbər oğlu

Sultanov İxtiyar Səttar oğlu

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

“Əməkdar Həkim”

 

Bəhri Sədaqət Yusif qızı

Əlibəyov Akif Muradəli oğlu

Əliyeva Faizə Kamil qızı

Hənifəyev Şahbaz Cəmşid oğlu

Xudiyeva Sədaqət Yusif qızı

Kərimli Azad Aydın oğlu

Qagiyeva Janna İvanovna

Quliyev Rauf Ələfsər oğlu

Nəbiyeva Yetər Əli qızı

Şıxəliyev Ənvər Şıxəli oğlu

Şükürilahi Şahnaz Əsəd qızı

Şükürov Təyyar Şahmar oğlu

 

“Əməkdar Müəllim”

 

Qafarov Teymur Əli oğlu

 

Daha sonra “Fəxri Fərman”la təltif olunmaları haqqında Səhiyyə naziri Oqtay Şirəliyevin “Səhiyyə işcillərinin təltif edilməsi haqqında” imzaladığı Əmri səsləndirildi və mükafat və hədiyyələr tibb işçilərinə təqdim olundu.

 

Daha sonra “Əməkdə xüsusi xidmət və nailiyyətlərinə görə fərqlənən səhiyyə işçilərinin təltif edilməsi məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin 14.4-cü bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilməsi barədə” imzalanmış əmri səsləndirildi.

 

Sonda isə “Fəxri Fərman”la təltif olunmaları haqqında Səhiyyə naziri Oqtay Şirəliyevin “Səhiyyə işcillərinin təltif edilməsi haqqında” imzaladığı Əmri oxundu.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

18/06/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013