Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Şəkidə regional perinatal mərkəz fəaliyyətə başlamışdır

Şəki Mərkəzi Rayon Xəstəxanasının nəzdindəki doğum evinin bazasında yaradılmış regional Perinatal mərkəzin açılışı olmuşdur.

 

Səhiyyə naziri Oqtay Şirəliyev, şəhər rəhbərliyi, mərkəzin həkim və orta tibb işçiləri mərasimin açılışında iştirak etmişlər.

 

Bildirilmişdir ki, mərkəz Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən qəbul olunmuş “Ana və uşaqların sağlamlıqlarının qorunmasına dair tədbirlər Proqramı”na uyğun olaraq təşkil olunmuşdur. 1985-ci ildən fəaliyyət göstərən bu binada 2011-ci ildən əsaslı təmir işlərinə başlanmışdır.

 

Dünya standartlarının tələblərinə cavab verən ən müasir tibb avadanlığı ilə təchiz edilmiş mərkəzdə hamiləliyin patologiyası, anesteziologiya və reanimasiya, yeni doğulmuşların intensiv terapiyası, məsləhət və digər şöbələr fəaliyyət göstərir. Mərkəzdə çalışan mama-ginekoloq, həkim və orta tibb işçiləri Türkiyənin qabaqcıl xəstəxanalarında ixtisaslarını artırmış mütəxəssislərdir. Mərkəz 9 rayonun əhalisinə xidmət göstərəcəkdir.

 

Mərkəzin binası ilə yaxından tanış olan nazir O.Şirəliyev kollektivə tapşırıq və tövsiyələrini vermişdir.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

18/06/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013