Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

14 iyun Beynəlxalq Qan Donorluğu Günüdür

2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. Bəyanatda hər il 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi keçirilməsi qərara alınıb.

 

Ümumdünya Qan Donoru Günü bütün dünyada qeyd olunaraq, Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra digər təşkilat və qurumlar tərəfindən dəstəklənir. Bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübələrə görə ən təhlükəsiz qan məhz könüllü təmənnasız donorlar qanıdır. Qan və onun komponentlərindən hər il minlərlə qan xəstəliklərindən, hamiləlik və doğuş zamanı qan azlığından və qanaxma ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları və digərlərini ölümdən xilas etmək mümkün olur.

 

Qan xidmətinin təkmilləşdirilməsinə Azərbaycanda ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət ayrılır və bu sahədə xeyli işlər görülmüşdür. Səhiyyə Nazirliyinin “2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramının həyata keçirilməsi” və “Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi” barədə əmrləri də donor qanına tələbatın ödənilməsinə yönəldilmişdir.

Respublikada qan xidmətinin təkmilləşdirilməsi məqsədilə görülmüş tədbirlər nəticəsində tədarük olunan donor qanının həcmi artmış, qanın komponentlərə bölünməsi işi yaxşılaşdırılmış, qanın təhlükəsizliyin təmin edilməsində laborator nəzarət gücləndirilmişdir.

 

Ölkəmizdə fəaliyyət göstərən tibb müəssisələrini müalicə məqsədləri üçün qan komponentləri ilə təmin edən Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankıdır. Qan xidmətinin dinamik inkişafı olmadan cərrahiyyə, reanimasiya, doğuşayardım, hematologiya, onkologiya, travmatologiya və s. sahələrdə ixtisaslaşdırılmış tibbi yardımın müvəffəqiyyətlə həyata keçirilməsi mümkün deyildir. Qan xidmətinin əhəmiyyəti fövqəladə vəziyyətlərdə kütləvi surətdə yaralı və zərərçəkənlərin olduğu zaman xüsusilə artır.

 

Ölkə rəhbərliyinin də xüsusi diqqət ayırdığı qan xidmətinin daha da təkmilləşdirilməsi məqsədi ilə Milli Məclis “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası qanununu qəbul etmişdir və bu qanun Azərbaycan Respublikası Prezidenti tərəfindən 2005-ci ildə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”nı 2006-cı ildə təsdiq etmişdir.

 

Son zamanlara kimi ölkəmizdə çox sayda qan tədarük edən tibb müəssisələri fəaliyyət göstərirdi. Onların çoxu cüzi miqdarda qan tədarük edirdi və təbii ki, belə az miqdarda qan tədarük edən müəssisələrdə qanın keyfiyyəti və təhlükəsizliyinin tam təmin edilməsi mümkün olmurdu. Yaranmış vəziyyətdən çıxmaq məqsədilə bölgələrdə fəaliyyət göstərən bütün və Bakı şəhərində yerləşən bəzi qanköçürmə şöbələri transfuzion kabinetlərə çevrilmiş və eyni zamanda xəstəxanalarda daxili ştatlar hesabına qan tədarükü qadağan edilmişdir. Rayonlararası Qanköçürmə Mərkəzləri və iri regional qanköçürmə şöbələrinin bazasında ET Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının 8 filialı təşkil edilmişdir. Nəticədə hal-hazırda donor qanının tədarükü, işlənilməsi, saxlanılması və bölüşdürülməsi Mərkəzi Qan Bankında və Bankın Gəncə, Şəki, Quba, Sumqayıt, Mingəçevir, Şirvan, Bərdə və Lənkəran şəhərində fəaliyyət göstərən 8 bölməsində, Respublika Klinik Xəstəxanasının, Elmi Cərrahiyyə Mərkəzinin, Milli Onkologiya Mərkəzinin, Kliniki Tibbi Mərkəzin və 3 nömrəli Şəhər Klinik Xəstəxananın, Mərkəzi Klinik xəstəxananın, Mərkəzi Neftçilər Xəstəxanasının, Mərkəzi Gömrük Hospitalının və Naxçıvan Diaqnostika Mərkəzinin qanköçürmə şöbələrində həyata keçirilir.

 

Son illəri, 2011-ci ilin nəticələri ilə 2012-ci ilin nəticələrini müqayisə etməklə, qan xidməti prosesinin inkişafını görə bilərik. 2011-ci ildə respublika üzrə 57 782 nəfər donorluq edərək qan vermişdirsə, 2012-ci ildə bu rəqəm 2,8% artaraq 59 393 nəfər olmuşdur ki, bu rəqəmin də təxminən 54% MQB-nın donorlarının payına düşür.

 

Donor sayının artmasıyla əlaqədar, təbii olaraq tədarük edilən qan və qan komponentlərinin də miqdarı artmış və daha çox xəstəyə yardım etmək mümkün olmuşdur. Respublika üzrə 2011-ci ildə 28 ton 13 litr qan tədarük edilmişdirsə, 2012-ci ildə bu rəqəm 7% artaraq 29 ton 964 litrə qədər yüksəlmişdir.

Həmçinin rayonlarda mərkəzi qan bankının bölmələrinin yaradılması regionlarda xəstələrin qanla təchizatı xeyli yaxşılaşdırmış və Bakıya qan köçürülməsi üçün gələn talassemiyalı xəstələrin sayının azalmasına gətirib çıxarmışdır.

 

İl ərzində idarə və təşkilatlarda könüllü qanvermə aksiyaları təşkil edilir. 2011-ci ildə 225, 2012-ci ildə isə 229 aksiya könüllü aksiya təşkil olunmuşdur. Bundan əlavə 2013-cü il ərzində Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində tibb işçilərinin iştirakı ilə qanvermə aksiyalarının keçirilməsi qrafiki təsdiq edilərək respublikanın bütün səhiyyə müəssisələrinin və təşkilatlarının rəhbərlərinə göndərilmişdir. Qrafikə əsasən 12 fevral 2013-cü il tarixindən səhiyyə müəssisələrində qanvermə aksiyalarına start verilmişdir. Və bu günə kimi, tədarük olunan qan ehtiyatının 30-40 faizini tibb işçilərindən könüllü aksiyalarda iştirakı sayəsində təşkil edilmişdir.

 

Qeyd edək ki, 14 iyun Beynəlxalq Qan Donorluğu Günü münasibəti ilə 3 Saylı Şəhər Klinik Xəstəxanasında könüllü qanvermə aksiyası həyata keçiriləcək.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

13/06/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013