ÜST İcraiyyə Komitəsinin 133-cü sessiyasında Azərbaycan Birinci Vitse Prezident vəzifəsinə yekdilliklə qəbul edilmişdir
Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 133-cü qısa sessiyası 29 may 2013-cü il tarixdə öz işinə başlamışdır. Səhiyyə naziri Oqtay Şirəliyev sessiyada iştirak etmişdir.
Bu tədbirin yenidən təsdiq olunmuş gündəliyinə ÜST Baş Direktoru Dr. M. Çanın hesabatı, regional komitələrin İcraiyyə Komitəsinə hesabatları, ÜST islahatları, Ümumdünya Səhiyyə Assambleyasının 66- cı sessiyasının qətnamələri, qeyri infeksion xəstəliklərə qarşı mübarizə, ÜST islahatları, Beynəlxalq Səhiyyə Qaydaları, maliyyə məsələləri, ÜST təşkilatında idarəçilik və digər məsələlər daxil edilmişdir.
İcraiyyə Komitəsinə Səlahiyyətli nümayəndələrin seçkiləri zamanı Avstraliyaya Prezidentlik, Azərbaycana isə Birinci Vitse Prezident vəzifəsi yekdilliklə qəbul edildi.
İsveçrə Konfederasiyasının qanunvericiliyində edilmiş dəyişikliklərə uyğun olaraq Ümumdünya Səhiyyə Təşkilatının Daxili Təftiş qaydalarının dəyişdirilməsinə dair Büroya Azərbaycan da seçilmişdir. Büronun ilk iclasında ÜST Maliyyə Departamentinin və müstəqil maliyyə ekspertlərinin xülasəsi dinlənilmişdir.
Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 133-cü qısa sessiyası öz işini 30 may 2013-cü il tarixdə başa vurmuşdur.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı
5/06/2013