Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

25 may Qalxanabənzər vəzi Günü kimi qeyd edilir

Bütün dünyada 2009-cu ildən 25 may Qalxanabənzər vəzi Günü kimi qeyd edilir. Bu günün qeyd edilməsinin mahiyyəti alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzinin problemlərinə və həlli yollarına cəlb etməkdir.

 

Dünya üzrə Yod defisiti nəticəsində qalxanabənzər vəzin böyüməsi 10-30 faiz insanlarda, qalxanabənzər vəzində düyün isə 30 faiz insanlarda müşahidə olunur.

Azərbaycan Respublikasında 2012-ci ilin statistikasına görə 15 354 nəfərdə qalxanabənzər vəzi xəstəlikləri aşkar olunub ki, bunun da 1088 nəfəri uşaqlardır. Lakin bu statistik nəticə sırf qeydiyyata düşənlərdir.

 

1998-2008-ci illərdə Respublika Endokrinoloji Mərkəz Dünya Həkimləri Təşkilatları ilə birlikdə apardıqları tədqiqatlar göstərir ki, bütövlükdə respublikamız orta ağır yod defisitli regiondur.

 

Eyni zamanda 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Yod Çatışmazlığı Xəstəliklərinin Profilaktikasına dair qanun qəbul edilmiş və 2003-cü ildə qüvvəyə minmişdir. Bu istiqamətdə Səhiyyə Nazirliyi tərəfindən görülən müxtəlif tədbirlər öz bəhrəsini verməkdədir. Statistikaya əsasən yod defisiti bir neçə dəfəyə qədər azalmışdır.

 

Hal- hazırda Respublika Endokrinoloji Mərkəz (REM) daim respublikanın regionlarında profilaktik müayinələr aparır, maarifləndirmə tədbirləri görür, region mağazalarındakı duzların tərkibinə nəzarət edir. Eyni zamanda regionlarda və Bakı şəhərində həkim-endokrinoloqlar üçün seminar-konfranslar təşkil edir.

İlk dəfə bu il Azərbaycan Respublikasında Ümumdünya Qalxanabənzər vəzi günü qeyd olunur. Bu münasibətlə 25 may 2013-cü il tarixdə Respublika Endokrinoloji Mərkəz və Milli Onkoloji Mərkəzi birlikdə bu günə həsr olunmuş konfrans təşkil etmişdir. Konfransı giriş sözü ilə Səhiyyə Nazirliyinin baş endokrinoloqu R.Məmmədhəsənov açmışdır. REM- in oftalmoloqu Əsədova Sevinc “Endokrin oftalmopatiya”, Milli Onkoloji Mərkəzin Radinuklid şöbəsinin həkimi Əliyev Fuad “Qalxanvari vəzin radinuklid diaqnostikası və müalicəsi” , “Tireoid düyünlərinin incə aspirasion biopsiyası” , REM-nin direktoru Cabarov Rauf “ Qalxanabənzər vəzinin patologiyası və sonsuzluq” mövzusunda mühazirələrlə çıxış etmişdirlər. Konfransda həkim endokrinoloqlarla yanaşı eyni zamanda həkim terapevtlər, kardioloqlar, nevropatoloqlar, cərrahlar, onkoloqlar, oftalmoloqlar və digər tibb işçiləri iştirak edirdilər. Konfransın sonunda bu movzuda müzakirələr aparılmışdır.

 

Konfrans zamanı Pespublikamızda ilk dəfə yaradılmış Azərbaycan Tireodologiya Assosasiyası haqqında da məlumat verilmişdir.

 

Qalxanabənzər vəzi boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir. Qalxana bənzədiyi üçün onu belə adlandırırlar. Lakin beynəlxalq aləmdə onun simvolu kəpənəkdir. Çünki, o daha çox kəpənək kimi görünür və onun təki incədir. Qalxanabənzər vəzi tireoid hormonları hasil edir və bu hormonlar bütün orqanizmin fəaliyətinə təsir göstərir - maddələr mübadiləsini, ürək-damar sisteminin fəaliyyətini, boy artımı və orqanizmin inkişaf prosesini və s. tənzimləyir. Qalxanabənzər vəzi ümumi hormonal sistemin “dirijoru” adlandırırlar. Bu vəzin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm da azalması orqanizmin normal fəaliyyətinin pozulmasına gətirir - sinir, qan damar, cinsiyyət sistemi, maddələr mübadiləsi və s. zərər çəkir. Qalxanabənzər vəzi xəstəlikləri əsasən orqanizmdə yod çatışmazlığı fonunda əmələ gəlir. Yod insan orqanizminin fəaliyyəti üçün həyatı önəmə malik elementdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

25/05/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013