Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Mətbuat xidmətinin Press-relizi

Son zamanlar tibb işçilərinin və tibbi müəssisələrin aqressiv pasiyentlərin və onların yaxınlarının təcavüzlərinə məruz qalması faktları çoxalmışdır. Baş vermiş belə neqativ hallar tibbi fəaliyyətə və səhiyyə ocaqlarının işinə mənfi təsirsiz ötüşmür. Bu da ölkənin tibb müəssisələrində şəfa tapmış, habelə hazırda tibb ocaqlarında öz sağlamlığına qovuşmaq üçün müalicə alan yüzlərlə vətəndaşın haqlı narazılığına səbəb olur.

 

Belə neqativ hallardan biri də mayın 23-də Zabrat qəsəbəsində qeydə alınmışdır. Oktyabr küçəsi, ev 24 ünvanında yaşayan 3 yaşlı Çiçək Kərimovanın xəstələnməsi ilə əlaqədar sahə həkimi pediatr Lalə Mirzəyevaya çağırış verilmişdir. Həkim xəstəyə KRX diaqnozu qoyaraq son 2 gün ərzində çağırış ünvanına bir neçə dəfə aktiv olaraq getmiş, uşağın vəziyyətini nəzarətdə saxlamışdır.

 

Eyni zamanda valideyn tərəfindən bir neçə dəfə təcili yardıma çağırışlar edilmiş və təcili yardım tərəfindən ünvana çoxsaylı gedişlər qeyd olunmuşdur. 23.05.2013-cü il tarixində saat 21 radələrində Nərgiz Kərimova tərəfindən sahə pediatrı Lalə Mirzəyeva ilə telefon vasitəsilə əlaqə saxlayaraq növbəti dəfə evə çağırmışdır. Sahə pediatrı ünvana gəlmiş, xəstəni təkrarən müayinə etmişdir. Lakin həkim təyin olunmuş siropu xəstəyə içirərkən Nərgiz Kərimova həkim Lalə Mirzəyevaya bıçaqla kürək nahiyəsindən zərbə endirmişdir.

 

L.Mirzəyeva 3 saylı Şəhər Klinik xəstəxanasına müraciət etmiş, burada ona ilkin yardım göstərilmişdir. Hal-hazırda müalicəsi davam etdirilir, həkimin vəziyyəti kafidir.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

24/05/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013