Bakıda bir neçə səhiyyə müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
Ümummilli lider H.Əliyevin 90 illik yubileyi münasibətilə paytaxt Bakıda bir neçə səhiyyə müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Əsaslı təmir olunan səhiyyə müəssisələrindən biri də 33 nömrəli şəhər poliklinikasıdır. 31 min əhaliyə xidmət göstərəcək tibb müəssisəsində 2 laboratoriya, kardioloji, stomatoloji, oftalmoloji, cərrahiyyə və lor kabinetləri, USM , rentgen və manipulyasiya otaqları lazımı tibbi cihaz və avadanlıqlarla təchiz olunub.
Analoji mərasim Şüvəlan qəsəbəsindəki 36 nömrəli uşaq pulmanoloji sanatoriyasında olub. Əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən sanatoriyada fizioterapiya və masaj kabinetlərində, müalicəvi idman və həkim otaqlarında lazımı mebel dəstələri və tibbi avadanlıqlar yerləşdirilib. Burada həmçinin pasiyentlərin normal qidalanması üçün mətbəx və yeməkxana , eləcə də istirahət guşələri fəaliyyət göstərəcək. 60 çarpayılıq tibb müəssisəsində palatalar 2, 3 və 4 nəfərlikdir. Sanatoriyada ilk dəfə olaraq konvektir tipli isitmə sistemi quraşdırılıb. Sanatoriyanın həyətində də geniş abadlıq işləri aparılıb. Hər biri 150 kub olmaqla iki su anbarı, ayrıca qazanxana tikilib. Tibb ocağının keyfiyyətli içməli su ilə təmin etmək məqsədi ilə müasir tipli su təmizləyici qurğu quraşdırılıb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
13/05/2013