Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İSİM-də Akademik Zərifə Əliyevanın 90 illik yubileyi keçiriləcək

“Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2013-cü il tarixli, 2707 nömrəli Sərəncamının icrasını təmin etmək və birgə fəaliyyəti əlaqələndirmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə Tədbirlər Planı hazırlanaraq təsdiq edilmişdir.

 

Bu məqsədlə 19 aprel 2013-cü il saat 11:00-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin konfrans zalında dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illiyinə həsr olunmuş “Dəyirmi masa” keçiriləcəkdir.

 

Azərbaycanın əməkdar elm xadimi, Rusiya Tibb Elmləri Akademiyasının laureatı, akademik Zərifə Əliyeva tanınmış tibb tədqiqatçıları tərəfindən dünya səviyyəli alim kimi qəbul edilmişdir. Neçə-neçə insanın gözlərinə nur gətirən Zərifə xanım öz sahəsi üzrə dünya elminə yenicə məlum olan bilikləri tez bir zamanda mənimsəyərək onun nəticələrini operativ surətdə tətbiq edirdi. Qəlbən təmiz, ruhən nəcib olan bu insan, sözün həqiqi mənasında, peşəsinin vurğunu idi.

 

Zərifə xanımın həyatını mənalandıran nə varsa - onun elmi, ailəsi, xeyirxahlığı, səmimiyyəti, insanlara doğma münasibəti - hamısı bu nəcib qadının ruhundan şölələnmişdir. Zərifə xanımın insanlara nur bəxş edən hər mənalı günü xoş əməl naminə sərf olunmuşdur. Dəyirmi masada Zərifə xanım Əliyevanın elmi və ictimai fəaliyyətindən bəhs ediləcəkdir.

18/04/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013