Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Mehriban Əliyeva 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası ilə tanış olmuşdur

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva aprelin 10-da Mərdəkan qəsəbəsində əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası ilə tanış olmuşdur.

 

Tanışlıq zamanı M. Əliyevaya xəstəxananın 1983-cü ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə istifadəyə verilməsi haqqında məlumat verilmişdir. Uzun illər ərzində təmirsiz olan xəstəxana habelə nəzdindəki uşaq və böyüklər üçün poliklinikaların əsaslı təmirinə zərurət yaranmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci ilin iyul ayında Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Proqramı çərçivəsində bu səhiyyə ocağında da əsaslı təmir işlərinin başlanmasına dair Sərəncam imzalamışdır.

 

614 nəfərlik tibbi heyətdən ibarət olan 140 çarpayılıq beşmərtəbəli xəstəxanada cərrahiyyə, anesteziologiya, reanimasiya, ginekologiya, doğuş, sinir və daxili xəstəliklər, təcili yardım şöbələri, qadın məsləhətxanası və.s. şöbələr fəaliyyət göstərəcəkdir.

 

Xəstəxana nəzdində olan və əsaslı təmirdən sonra istifadəyə verilmiş poliklinikalar 27 min uşağa, 45 min böyüyə ümumilikdə isə 72 min Mərdəkan, Şüvəlan, Şağan və Qala qəsəbə sakinlərinə xidmət edəcəkdir.

 

Ölkənin birinci xanımı xəstəxananın kollektivi ilə görüşmüşdür. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin adından və şəxsən öz adından da səhiyyə ocağının istifadəyə verilməsi münasibətilə xəstəxana kollektivini təbrik etmişdir.

11/04/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013