Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Böyrək gününə həsr olunmuş konfrans keçirilmişdir

Dünya səhiyyəsinin mühüm problemlərindən biri də xroniki böyrək xəstəlikləridir. Belə ki, orta statistik rəqəmlərə görə, dünya əhalisinin hər bir milyon nəfərinə 650-900 xroniki böyrək xəstəsi düşür. Azərbaycanda bu rəqəm 350-400 nəfər təşkil edir. Azərbaycanda 2006-cı ildə Nazirlər Kabineti tərəfindən xroniki böyrək xəstəliyinə dair qəbul olunmuş Dövlət Proqramı bu problemin həlli üçün geniş imkanlar yaratmışdır. Son illərdə regionlarda açılan yeni Dializ şöbələri şəhər və rayon əhalisinin dövlət hesabına dializ müalicəsi almağa imkan yaratmışdır. Əgər 2006-cı ildə ölkədə 601 xəstə proqram hemodializlə təmin olunmuşdusa, bu gün 2150 xəstə Bakı şəhəri və regionlarda hemodializ müalicəsi qəbul edir. Ölkə üzrə 27 mərkəzdə 380 dializ aparatı xəstələrə xidmət göstərir. Son aylarda Azərbaycanda yeni 4 hemodializ mərkəzi - Gəncə, Salyan, Kürdəmir, İmişli rayonlarında istifadəyə verilib. Ilin sonuna qədər Xaçmaz, Sumqayıt və Yevlaxda dializ mərkəzinin açılışı gözlənilir. Ölkədə böyrək transplantasiyası yenidən bərpa olunmuş və dövlət hesabına həyata keçirilir.

 

2006-cı ildən başlayaraq Amerika Nevroloji Assosiasiyası və Beynəlxalq Böyrək Fondunun təklifi ilə hər il mart ayının ikinci həftəsinin dördüncü günü Ümumdünya böyrək günü kimi qeyd olunur. Artıq Azərbaycanda da bu gün altıncı ildir ki, qeyd edilir. Bu münasibətlə 14 mart 2013-cü ildə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik korpusunda Ümumdünya Böyrək gününə həsr olunmuş konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin baş nefroloqu, ATU-nun Tədris Terapevtik korpusunun Effernt Müalicə Mərkəzinin rəhbəri professor M.Ağayevin iştirakı və rəhbərliyi ilə keçirildi. Konfransı giriş sözü ilə acan ATU-nun prorektoru professor S. Musayev bu günün əhəmiyyətləri haqda çıxış etmişdir. Azərbaycanda nefroloji və hemodializ yardımının təşkili və hazırkı vəziyyəti haqqında hesabatı tibb üzrə fəlsəfə doktoru F.Babayev iştirakçıların diqqətinə çatdırmışdır. Konfransa respublikanın dializ mərkəzlərinin həkimləri, Bakı şəhərində nefroloji və hemodializ şöbələrinin, həmçinin özəl dializ mərkəzlərinin və Mərkəzi Neftçilər Xəstəxanasının hemodializ və böyrəkköçürmə şöbəsinin əməkdaşları dəvət olunmuşdular. Konfransda nefrologiya və transplantologiyaya aid 9 məruzə dinlənildi, çıxışlar qarşılıqlı elmi diskussiya şəklində keçdi.

 

Konfransın sonunda Azərbaycan Nefroloqlar və Dializ həkimləri Assosiasiyasının yaradılması və nizamnaməsinin təsdiq edilməsi barədə qərar qəbul olunmuşdur. Assosiasiyanın idarə heyətinin tərkibi açıq səsvermə yolu ilə təsdiq edilmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

27/03/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013