Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bir sıra tibb müəssisələri açıldı

Ölkənin maliyyə imkanlarının çoxalması və yeridilən siyasi kurs dövlət büdcəsindən səhiyyəyə ayrılan maliyyə vəsaitinin artmasına imkan vermişdir. Bu da öz növbəsində bu sahədə bir sıra işlərin keyfiyyətlə həyata keçirilməsinə şərait yaradılmışdır. Son illər ərzində tikilib yaxud da əsaslı təmirdən sonra istifadəyə verilən 500-dən artıq tibb müəssisəsini sırasına daha bir necəsi də əlavə olundu.

 

16.03.2013-cü il tarixlərində əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən bütün tibb müəssisələri ən müasir cihaz və tibbi avadanlıqlarla təchiz edilmişdir.

 

Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 26 nömrəli BŞX 1983-cü ildə inşa olunmuşdur. 2011-ci ildən əsaslı təmir işlərinə başlanan səhiyyə ocağı artıq sakinlərin istifadəsinə verilmişdir. 104 çarpayılıq xəstəxananın uşaq, cərrahiyyə, nevrologiya, doğum, terapiya, qadın məsləhətxanası, uşaq və böyüklər üçün nəzərdə tutulan poliklinikası da bütün tibbi ləvazimatlarla təmin olunmuş və əhaliyə daha keyfiyyətli tibbi yardım üçün tam hazır vəziyyətə gətirilmişdir.

 

Eyni tarixdə istifadəyə verilən ikinci səhiyyə ocağı, 5 nömrəli Doğum Evinin nəzdindəki qadın məsləhətxanasıdır. Əhaliyə yüksək tibbi xidmət göstərilməsi üçün hər bir şərait yaradılan müəssisədə müasir USM aparatları, müayinə kabinetləri, kiçik əməliyyat otağı zəruri tibbi texnika və cihazlar quraşdırılmışdır.

 

Analoji tədbir Yasamal rayonunda olmuşdur. 13 nömrəli Uşaq Poliklinikası da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. 1990-cı ildən fəaliyyət göstərən uşaq poliklinikasının təmirinə ötən ildən başlanılmışdır. Hazırda 77 həkimin çalışdığı bu səhiyyə ocağında 26 minə yaxın uşağa tibbi xidmət göstəriləcək. Poliklinikanın nəzdində fəaliyyət göstərən müalicə-bərpa şöbəsi, hovuz və digər otaqlar da əsaslı təmir olunaraq ən müasir tibbi avadanlıqla təmin olunmuşdur.

 

46500 əhaliyə xidmət edən Səbail rayon 1 nömrəli Şəhər Poliklinikası da əsaslı təmir və yenidənqurmadan sonra rayon sakinlərinin ixtiyarına verilmişdir. Poliklinikada Səbail rayonu üzrə imtiyazlı xəstələr üçün apteklər də fəaliyyət göstərəcək. Poliklinikanın rentgen, fizioterapiya, oftalmologiya şöbələrində əhalinin yüksək tibbi xidmət alması üçün hər cür şərait yaradılmışdır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

18/03/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013