Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ölkə başçısı Astara Rayon Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də əsaslı şəkildə yenidən qurulmuş Astara rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olmuşdur. Ölkə başçısı öncə rayon ictimaiyyətinin nümayəndələrini və xəstəxananın kollektivini salamlamış və onlara ürək sözlərini bildirmiş, daha sonra xəstəxanada yaradılmış şəraitlə yaxından tanış olmuşdur. 

 

Həkim Aytən Şiriyeva tibb ocağının müasir tələblər səviyyəsində istifadəyə verilməsinə və bütövlükdə Astaranın inkişafına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə rayon sakinlərinin minnətdarlığını çatdırmışdır. Sonra xatirə şəkli çəkdirilmişdir.

 

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat vermişdir ki, bu tibb ocağının yenidən qurulmasına 2012-ci ilin mayında başlanıb. Bu ilin avqustunda başa çatdırılıb. Əsaslı yenidənqurma işlərinin aparılması, əlavə tibbi avadanlıq və inventarın alınması üçün Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb. Yenidənqurma və təmir işlərinin görüldüyü ümumi sahə 10 min 674 kvadratmetrdir. Xəstəxananın yerləşdiyi ərazidə əsaslı abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilib.

 

Burada müasir infrastruktur formalaşdırılıb. Xəstəxananın birinci mərtəbəsində poliklinika, hemodializ, şüa-diaqnostika, təcili tibbi yardım, laboratoriya şöbələri, həmçinin gigiyena və epidemiologiya mərkəzi yerləşir. İnzibati bölmə, poliklinika, uşaq bölməsi, fizioterapiya və pediatriya şöbələri ikinci mərtəbədə fəaliyyət göstərir. Bu səhiyyə ocağında xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.

6/09/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013