Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində Yanğından mühafizə qaydalarına həsr edilmiş müşavirə keçirildi

Səhiyyə Nazirliyində 09.09.2013 - 10.09.2013 il tarixlərində qurumun tabeçiliyində olan tibb müəssisələrində yanğından mühafizə qaydalarına, habelə payız – qış aylarına hazırlıq məsələlərinə həsr olunmuş iki günlük geniş müşavirə keçirilmişdir. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları da iştirak edirdi. Müşavirəni giriş sözü ilə acan səhiyyə nazirinin müavini Elsevər Ağayev belə bir tədbirin əhalinin tibb müəssisələrində təhlükəsizliyinin təminatı baxımından çox əhəmiyyətli olduğunu nəzərə çatdırdı və qeyd etdi ki, nazirliyin əməkdaşları Yanğından Mühafizə Xidmətinin əməkdaşları ilə birgə il ərzində bir necə dəfə tibb müəssisələrində müvafiq qaydada yoxlamalar aparır, bu məsələdən irəli gələn tədbirlərlə yaxından tanış olurlar.

 

Ölkə başçısının əhalinin sağlamlığına verdiyi xüsusi diqqəti və qayğısı sayəsində səhiyyə sektorunda bir çox yeniliklər, nailiyyətlər əldə olunmuşdur. Son bir necə il ərzində 500 dən artıq tibb müəssisəsinin yüksək standartlara uyğun qaydada əsaslı təmir və ya yeni tikilərək istifadəyə verilməsi, güclü kadr hazırlığı məsələsi istiqamətində görülən işlər, ən son və yüksək standartlara cavab verən tibbi avadanlıq və ləvazimatlarla tibb müəssisələrinin təchizatı səhiyyə sektorunda dayanmadan görülən işlərin sübutudur. Lakin elə məsələlər var ki, bu məsələlərə xüsusi diqqət və nəzarət tələb olunur. Belə məsələlərdən biri də yanğından mühafizə məsələsidir. E. Ağayev qeyd etdi ki, Səhiyyə Nazirliyi bu məsələyə böyük önəm verir və bir necə ay öncə Bakıda tibb müəssisləri ilə yanğından mühafizə məsələlərinə dair tədbir keçirilmişdir. Tədbirdə yanğın xidmətinin rəhbərliyi iştirak etmiş və öz tövsiyələrini vermişdir. Bu günlərdə səhiyyə nazirinin tapşırığına əsasən 1980 tibb müəssisəsində payız-qış mövsümünə hazırlığa dair tədbirlər keçirilmiş və hazırlığın səviyyəsi müzakirə olunmuşdur. Təkcə Bakı şəhəri üzrə 159 tibb müəssisəsindən 138-də yanğından mühafizə planı yoxlanılmışdır-deyən nazir müavini daha sonra yanğından mühafizə qaydalarına dair çıxış etmək üçün sözü Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Elçin Hüseynova söz verdi. Yanğın təhlükəsizliyi məsələlərinə dair tövsiyə və qaydalardan danışan natiq qeyd etdi ki, digər müəssisələr kimi Səhiyyə Nazirliyinin tərkibində olan müəssisələr də Fövqəladə Hallar Nazirliyinin xətti üzrə strateji əhəmiyyətli obyekt kimi qeydə alınır və bunun da əsas mənbəyi kimi insanların kütləvi toplaşmasından irəli gəlir. Səhiyyə müəssisələrinin - klinika, poliklinika, doğum evləri, xəstəxana, körpələr evi, sanatoriya, istirahət evi, əczaxana və əczaxana anbarı və bu tipli başqa sosial obyektlərdə hər bir əməkdaş yanğından mühafizə qaydalarını mütləq bilməli, bu qaydalara ciddi nəzarət etməli və yanğın baş verdikdə insanların xilası, habelə yanğını söndürmək üçün ondan asılı olan bütün lazımi tədbirləri görməlidir. Çıxışçı xidmət tərəfindən bu sahədə görülən işləri müşavirə iştirakçılarının diqqətinə çatdırdı və bu sahədə qanunvericiliklə tənzimlənən xüsusi qaydaları müşavirə iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin xüsusi olaraq hazırladığı slayd göstərildi.

 

Sonda Səhiyyə nazirinin müavini Elsevər Ağayev bir daha bu məsələyə diqqətlə yanaşıldığını, belə bir əhəmiyyətli tədbirin bölgələrdə də keçirilməsinə dair müvafiq işlər görüldüyünü qeyd etdi.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

Səhiyyə Nazirliyində Yanğından mühafizə qaydalarına həsr edilmiş müşavirə keçirildiSəhiyyə Nazirliyində Yanğından mühafizə qaydalarına həsr edilmiş müşavirə keçirildiSəhiyyə Nazirliyində Yanğından mühafizə qaydalarına həsr edilmiş müşavirə keçirildi

10/09/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013