Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bakıda Avrasiya cərrah və qastroenteroloqlarının XIII Beynəlxalq konqresi keçirilir

Tibb Universitetində Səhiyyə Nazirlyi, ATU, Respublika Diaqnostika Mərkəzinin təşkilatçılığı ilə 13-cü Beynəlxalq Avrasiya cərrahiyyə və qastroenterologiya Konqresi öz işinə başlayıb. Tədbirdə dünyanın 19 ölkəsindən 105-dək aparıcı elm adamları və tibb mütəxəssisləri iştirak edir.

 

Konqresi giriş sözü ilə açan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarından, Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksək ixtsaslı həkim kadrlarının hazırlanmasına göstərilən dövlət qayğısından danışdı. Bildirdi ki, beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi artıq ənənə halını alıb. Bu, Azərbaycanın bütün sahələrdə, o cümlədən səhiyyədə əldə etdiyi uğurlarla bağlıdır.

 

Səhiyyə nazirinin müavini Elsevər Ağayev qeyd etdi ki, Avrasiya Cərrahiyyə və Qastroenterologiya Cəmiyyəti 1996-cı ildə təsis olunub və onun ilk konqresi də Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə Bakıda baş tutub. Ümumiyyətlə isə qurumun bu vaxta qədər keçirilən 13 tədbirindən 6-sı məhz Azərbaycanda keçirilib. Elmi yeniliklərin qarşılıqlı olaraq tanınmasında, və əlaqələrin inkişafında bu cür konqreslər böyük əhəmiyyət daşıyır. Avrasiya Cərrahiyyə və Qastroenterologiya Cəmiyyətinin sədri, professor Hasan Özkan rəhbərlik etdiyi qurunmun yaranmasından və fəaliyyət istiqamətlərindən danışdı. Əlavə etdi ki, bu konqresdə isə təkcə Avropa və Asiyadan deyil, Amerika və Afrikadan da tanınmış mütəxəssislər, görkəmli tibb alimləri iştirak edir. Cəmiyyətin sədri iki ildir ki, ingilis dilində tibbi jjurnal nəşr etdirdiklərini və bu dərgi vasitəsilə qurumun fəaliyyətini dünyaya çatdırdıqlarını deyib. Digər çıxış edənlər də cərrahiyə və qastroenterologiya sahəsindəki son vəziyyət, mövcud problemlər və yeniliklər barədə danışıb , müzakirələr aparıblar. Konqres sentyabrın 15-dək davam edəcək.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

12/09/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013