Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışı olmuşdur

Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışı olmuşdur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

 

Dövlət başçısı klinikanın rəmzi açılışını bildirən lenti kəsdi.

 

Prezident İlham Əliyevin Sərəncamı əsasında Azərbaycan Tibb Universitetinin 500 çarpayılıq Tədris-Cərrahiyyə Klinikasının müasir səviyyədə inşası dövlətimizin bu nüfuzlu ali təhsil ocağının inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət və qayğısının əyani göstəricisidir. Klinikada tədrislə yanaşı, əhaliyə yüksək diaqnostik və cərrahi müalicə-tibbi yardım da göstəriləcəkdir. Klinikada ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi, döş qəfəsi cərrahiyyəsi, oftalmologiya, travmatologiya, neyrocərrahiyyə və digər şöbələr fəaliyyət göstərəcəkdir. Tibb müəssisəsində müxtəlif cərrahi əməliyyatlar aparmaq da mümkün olacaqdır. Tibb ocağı ən müasir avadanlıqla təchiz edilmişdir.

 

Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov dövlətimizin başçısına klinika barədə məlumat verdi. Bildirildi ki, ümumi ərazisi 45 min kvadratmetr olan klinikanın binası orijinal memarlıq üslubunda inşa edilmişdir. On üç mərtəbəli binanın həyətində geniş abadlıq işləri görülmüşdür.

Azərbaycan Prezidentinə klinikadakı kafedralar və şöbələr haqqında məlumat verildi. Bildirildi ki, burada cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra, 20 şöbə fəaliyyət göstərir. İl ərzində burada 2 min 800 tələbənin, 400-dən çox rezidentin, 20-dən artıq doktorantın cərrahi ixtisaslı fənlər üzrə təhsili ilə 40 professor, 80 dosent, 120 tibb üzrə fəlsəfə doktoru məşğul olacaqdır.

 

Klinikanın şöbələrində ən müasir tibbi avadanlıq quraşdırılmışdır. Bu cihazlar müayinə və müalicə işini ən yüksək səviyyədə həyata keçirməyə tam imkan verir. Klinikanın həkim, dərs və kompyuter otaqları bütün zəruri avadanlıqla təchiz olunmuşdur. Burada, həmçinin ictimai tədbirlərin keçirilməsi üçün xüsusi akustika və müasir multimedia sistemlərinin quraşdırıldığı 250 yerlik konfrans zalı da vardır. Ümumilikdə klinikada hər biri 100 nəfərlik olmaqla 9 mühazirə zalı, 50-dən çox praktik məşğələ üçün treninq otağı yaradılmışdır. Klinikanın şöbələrində quraşdırılan avadanlıq dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bu cihazlar vasitəsilə qısa müddətə müayinələrin nəticələrini daha dəqiq əldə etmək mümkündür.

 

Məlumat verildi ki, klinikanın mərkəzi laboratoriyasında biokimya, mikrobiologiya, immunologiya, molekulyar genetika və digər bölmələr fəaliyyət göstərir.

Klinikada, həmçinin “Tesla” maqnit rezonans tomoqrafı, 128 kəsikli kompyuter tomoqrafı, yüksək tezlikli rəqəmsal rentgen qurğusu, universal tipli angeoqraf, 4D rejimli ultrasəs müayinəsi aparatı quraşdırılmışdır.

 

Üçüncü mərtəbədə 20 çarpayılıq 5 reanimasiya zalı, 18 əməliyyatxana yaradılmışdır.

 

Klinikanın hər cür lazımi avadanlıq, o cümlədən yumşaq və bərk inventarla təchiz edilmiş palataları müasir səviyyədədir.

 

Binanın müxtəlif mərtəbələrində palatalar fəaliyyət göstərəcəkdir.

 

Bu tibbi mərkəzdə tələbələrin, rezidentlərin və doktorantların təhsili və biliklərini artırmaları üçün mühazirə zalı, müxtəlif sahələrə aid bacarıq laboratoriyası vardır. Gənc mütəxəssis hazırlığını dünya standartları səviyyəsində aparmaq üçün MDB məkanında analoqu olmayan bacarıq laboratoriyalarında anatomik, funksional və mulyaj simulyantlar quraşdırılmışdır. Buradakı bir çox avadanlığın üstünlüyü ondadır ki, bu cihazlara kompyuterə yüklənmiş məlumatlarla yanaşı, xəstənin də maqnit rezonans, rentgen, kompyuter tomoqrafiyasından alınan görüntülərini yükləmək olur.

 

Dünyanın yalnız bəzi aparıcı ölkələrinin tibb müəssisələrində olan bu avadanlıq tələbələrin nəzəri və praktiki biliklərini təkmilləşdirməkdə müstəsna əhəmiyyətə malikdir.

 

Klinikada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin müəllim-tələbə kollektivi ilə görüşdü və bu möhtəşəm binanın istifadəyə verilməsi münasibəti ilə kollektivi təbrik etdi və xoş ürək sözlərini bildirdi.

13/09/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013