Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Diaqnostika Mərkəzinə Beynəlxalq Keyfiyyət sertifikatı tətbiq olunub

Ölkə səhiyyəsi bu yaxınlarda daha bir yeniliyə imza atdı. Belə ki, artıq 80-ci illərdən əhalinin sağlamlığının keşiyində duran Respublika Müalicəvi Diaqnostika Mərkəzin nəzdində fəaliyyət göstərən tibbi laboratoriya, Azərbaycanda və regionda ilk dəfə, bu gün dünyada tibbi laboratoriyalar üzrə ən yüksək standartları tələb edən İSO 15189 standartını 100% tətbiq etməyə və müvafiq sertifikatı almağa nail olub. Və ən əhəmiyyətlisi, İSO 15189 standartı əsasında, tibbi laboratoriyaların akkreditasiyası üzrə dünyanın ən nüfuzlu təşkilatı olan Laboratoriyaların Beynəlxalq Akkreditasiyası Birliyi - İLAC tərəfindən akkreditasiya olunub.

 

Bu standartların tətbiqi, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin laboratoriyası qarşısında fəaliyyət prosesinin bütün mərhələlərində çox ciddi tələblər qoyur və eyni zamanda laboratoriyamızın işinin keyfiyyətinə də böyük ölçüdə zəmanət verir. Belə ki, laborator müayinələrin cavablarının qeyri-dəqiq alınmasına gətirib çıxara biləcək, mütəxəssis səfi, cihazların nasaz olması, yararsız reagent və s. materialların istifadəsi kimi bir sıra faktorlarla bağlı risklər, İSO 15189 standartı tətbiq edən laboratoriyalarda aradan qalxmış olur.

 

Qeyd etmək istəyirik ki, istər İSO 15189 standartının tətbiqi, istərsə də İLAC akkreditasiyasının alınması bir nailiyyət olduğu kimi, eyni zamanda ciddi və mürəkkəb bir prosesin başlanğıcıdır. Göstərilən standartlara riayət olunmasının davamlılığını təmin etmək üçün Mərkəzimizdə aparılan daxili auditlə yanaşı, İLAC tərəfindən laboratoriyamızın fəaliyyətinin bütün proseslərinə daimi nəzarətin olması, bu gün müşahidə olunan yüksək keyfiyyətin davamlı olmasını təmin edir.

 

Respublika Müalicəvi Diaqnostika Mərkəzi, tibbi laboratoriya sahəsində fərdi pasientlərə olduğu kimi, korporativ müştərilər və dövlət orqanlarına da, Azərbaycanda yeganə Beynəlxalq akkreditasiyası olan laboratoriya olaraq yüksək keyfiyyəti və referens laboratoriya kimi xidmət edir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

20/09/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013