Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Prezident İlham Əliyev 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur

Prezident İlham Əliyev 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.

 

Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Son illərdə səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olmuş, tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması bu istiqamətdə gerçəkləşən siyasətin prioritetləridir. Səhiyyə müəssisələrinin təmiri və bərpası, ən müasir avadanlıqla təchiz edilməsi, vətəndaşların pulsuz dərman preparatları ilə təmini, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması bu sahədə islahatların əsasını təşkil edir. Bu məqsədlə regionlarda da yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları həyata keçirməyə imkan verən yeni müəssisələr yaradılır.

 

1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının binasının yenidən qurulması da bu prosesin ardıcıl xarakter aldığını təcəssüm etdirir. Bu müalicə ocağının yenidənqurmadan sonra istifadəyə verilməsi şəhər sakinlərinin keyfiyyətli səhiyyə xidmətindən rahat istifadəsinə daha çox kömək edəcəkdir.

 

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına aparılan yenidənqurma işləri barədə məlumat verdi. Nazir dedi ki, çoxprofilli xəstəxananın binası 1967-ci ildə inşa olunmuş və o vaxtdan burada əsaslı təmir işləri aparılmamışdır. 1 nömrəli xəstəxana Sumqayıtın mərkəzində yerləşir və əhalinin ən çox müraciət etdiyi tibb ocağıdır. Burada əsaslı təmir və yenidənqurma işləri bu ilin oktyabrında başa çatdırılmışdır.

 

Bildirildi ki, xəstəxana beşmərtəbəli əsas müalicə, üçmərtəbəli yoluxucu xəstəliklər korpuslarından və birmərtəbəli təsərrüfat binalarından ibarətdir. Buradakı şöbələrdə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaqdır.

 

Qeyd edildi ki, 225 çarpayılıq xəstəxanada terapiya, otolarinqologiya, kardiologiya, yoluxucu xəstəliklər, nevrologiya, urologiya, nefrologiya, hemodializ, anesteziologiya-reanimotologiya, poliklinika və təcili yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilmişdir. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin burada müalicə alması üçün hemodializ şöbəsi də fəaliyyət göstərəcəkdir. Eyni zamanda, xəstəxana indiyədək şəhərin dövlət tibb müəssisələrində olmayan və şəhər sakinlərinin dərin tibbi müayinəsi zamanı kəskin ehtiyac duyulan maqnit-rezonans tomoqrafiya aparatı ilə təchiz edilmişdir. Əsaslı təmirdən sonra xəstəxanada, həmçinin exokardioqrafiya kabineti, histoloji və virusoloji laboratoriyalar, şəhərin bütün stasionar tibb müəssisələrini təmin edə biləcək mərkəzləşmiş mətbəxin yaradılması nəzərdə tutulmuşdur.

 

Diqqətə çatdırıldı ki, xəstəxanada 550 tibb işçisi çalışacaqdır. Onların 100-ü həkim, 300-ü orta tibb işçisidir. Bu rəqəmlər özlüyündə Sumqayıt Şəhər Xəstəxanasının nə qədər geniş funksiyanı yerinə yetirəcəyini göstərir. Bütün bunlar həm də təsdiq edir ki, son illərdə səhiyyə sahəsində baş verən mühüm dəyişiklik bu sektorun dünyanın ən müasir tibbi avadanlığı ilə təmin olunmasıdır.

 

Daha sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi və Sumqayıt ictimaiyyətinin nümayəndələri ilə görüşdü və mərasim iştirakçılarını salamlayaraq xoş arzularını bildirdi.

 

Prezident İlham Əliyev xəstəxanada xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

4/10/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013