Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Laproskopiya üzrə treninqlərə başlanılmışdır

Oktyabrın 28-də Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ilk dəfə laparoskopiya üzrə treninqlərə başlanılmışdır. Tədbirdə çıxış edən İnstitutun rektoru Nazim Qasımov respublikamızda son illər baş verən sürətli iqtisadi inkişafın bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verdiyini, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, son illərdə əsaslı təmir və yenidənqurmadan sonra əhalinin istifadəsinə verilmiş 500-dən çox tibb müəssisəsi ən müasir texniki avadanlıqlarla, o cümlədən səhiyyə ocaqlarının bir çoxu laparoskopik cərrahiyyə avadanlıqları ilə təchiz edilmişdir. Bu da öz növbəsində həmin avadanlıq və cihazlarla işləməyi bacaran həkimlərin yetişdirilməsi məsələsini gündəmə gətirir.

 

Rektor demişdir ki, artıq həkimlərimiz laparoskopiya üzrə ixtisaslarını artırmaq üçün böyük vəsait hesabına xarici ölkələrə üz tutmayacaqlar. Qeyd edilmişdir ki, gələcəkdə belə treninqlərin bölgələrdə də keçirilməsi nəzərdə tutulur.

 

Laparoskopiya üzrə beynəlxalq dərəcəli mütəxəssis, professor Qurbanxan Müslümov da çıxışında treninqlərin yüksək ixtisaslı həkimlərin hazırlanması baxımından əhəmiyyətini vurğulamışdır.

 

Qeyd olunmuşdur ki, institutun təşəbbüsü ilə keçirilən treninqlərdə əvvəlcə müdavimlərə laparoskopiya üzrə nəzəri biliklər veriləcəkdir. Sonra isə institutda hər cür avadanlıqlarla təmin edilmiş və əməliyyata yaxın şərait qurulmuş treninq otağında həkimlər laparoskopik cərrahiyyə üzrə sadə vərdişlərə yiyələnəcəklər. Yalnız bundan sonra təlim keçmiş həkimlər mərhələlərlə laparoskopik cərrahiyyə əməliyyatlarında iştirak edəcəklər.

28/10/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013