Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“BİHE-2013” XIX Azərbaycan Beynəlxalq səhiyyə sərgisinin rəsmi açılışı olmuşdur

Oktyabrın 31-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, “İteca Caspian LLC” və “İTE Group PLC” şirkətlərinin birgə təşkilatçılığı ilə XIX Azərbaycan Beynəlxalq səhiyyə sərgisinin (“BİHE-2013”) rəsmi açılışı olmuşdur.

 

Sərginin açılış mərasimində səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxış edərək Azərbaycanda səhiyyənin sürətlə inkişaf etdiyini bildirmişdir. O, eyni zamanda, Azərbaycan dövləti tərəfindən səhiyyəyə böyük diqqət və qayğı göstərildiyini söyləmişdir.

 

Vurğulanmışdır ki, bu sərgidə iştirak edən ölkələrin sayının ildən-ilə artması Azərbaycanda səhiyyə sahəsində inkişafın, o cümlədən ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyin əyani sübutudur.

 

Qeyd olunmuşdur ki, bu sərgi çərçivəsində dövlət qurumlarının nümayəndələri, tibbi avadanlıq və məhsulların istehsalçıları, həkimlər və tibb sənayesi mütəxəssisləri artıq 19-cu dəfədir bir məkana toplaşırlar. Keçirildiyi illər ərzində “BIHE” sərgisi dövlət təşkilatlarının nümayəndələri, tibbi avadanlıq və məhsulların istehsalçıları, habelə həkimlər və tibb sənayesinin mütəxəssisləri üçün mühüm görüş yerinə çevrilmişdir. “BIHE-2013” sərgisi dünyanın 17 ölkəsindən 130 şirkəti bir araya gətirmişdir.

 

İştirakçılar Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti R.Əliyeva, “İteca Caspian” şirkətinin icraçı direktoru E.Strun bildirmişdir ki, ildən-ilə bu sərgidə iştirak edən ölkələrin sayı artmaqdadır. Azərbaycanda hər sahədə, o cümlədən səhiyyə sahəsində sürətli inkişaf müşahidə olunur. Bildirilmişdir ki, bu il yeniliklərdən biri sərgidə tibbi turizmə daha böyük yer verilməsidir.

 

Məlumat verilmişdir ki, “BIHE-2013” sərgisi ilə eyni vaxtda daha iki tədbir - VIII Azərbaycan Beynəlxalq stomatologiya sərgisi (“Stomatologiya Azerbaijan-2013”) və VII Azərbaycan Beynəlxalq gözəllik və estetik tibb sərgisi (“Beauty Azerbaijan-2013”) də açılmışdır.

 

Mərasimdən sonra Qafqazın ən böyük səhiyyə sərgisi qapılarını iştirakçıların üzünə açmışdır.

 

Sərgidə Azərbaycan, Almaniya, Rusiya, Ukrayna, Çex Respublikası, Türkiyə, Çin və digər ölkələrdən olan şirkətlərin müasir tibb sahəsi üçün zəruri və tələbat doğuran ən yeni texnologiyaları nümayiş etdirilir. Təqdim olunan texnologiyaların 60 faizi xarici, 40 faizi yerli şirkətlərin payına düşür. Çex Respublikası ilk dəfə olaraq öz milli ekspozisiyası ilə çıxış edir.

 

Azərbaycanın aparıcı şirkətləri ultrasəs müayinəsi və kompüter tomoqrafiyası aparatlarını, eləcə də rentgen, respirasiya avadanlıqlarını və lazer terapiyası aparatlarını, cərrahiyyə alətləri və laboratoriya texnologiyalarını, o cümlədən stomatoloji materiallar, avadanlıqlar, implantlar və bir sıra digər məhsulları təqdim edirlər.

 

VIII Azərbaycan Beynəlxalq stomatologiya sərgisində ağız boşluğunun gigiyenası üçün vasitələr, stomatologiya avadanlığı, implantologiya və dişlərin ağardılması üzrə ən son texnologiyalar nümayiş olunur.

 

Sərgilər öz işini noyabr ayının 2-də yekunlaşdıracaqdır.

31/10/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013