Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Moskva şəhərindən translyasiya olunan distant kurslar təşkil olunmuşdur

2009-cu ildə Səhiyyə Nazirliyinin sifarişi əsasında Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə Rusiya Federasiyası Diplomdansonrakı Təhsil Akademiyası arasında təhsil və elmi-pedaqoji kadrların hazırlanması sahəsində müqavilə imzalanmış və bu əməkdaşlıq durmadan genişlənir. Bu müqaviləyə əsasən adı çəkilən tədris müəssisəsinin kafedralarının aparıcı mütəxəssisləri Bakı şəhərinə ezam olunaraq tələbat hiss olunan ixtisas və mövzular üzrə yerli həkimlər üçün təkmilləşmə kursları keçirirlər. Hazırda 600-dən çox müdavim bu kurslarda təhsil almışdır. Əməkdaşlığın digər istiqaməti institutun gənc, perspektivli müəllim heyətinin Moskva şəhərinə ezam olunaraq orada müxtəlif aktual mövzularda hazırlıq kurslarının keçməsidir. Bu kurslarda əməkdaşlarımız tərəfindən əldə edilən müasir bilik və bacarıqlar tədris prosesinə müvəffəqiyyətlə tətbiq olunur, eyni zamanda müvafiq kafedralar arasında əlaqələr formalaşır. Artıq müqavilə çərçivəsində beynəlxalq distant tədrisə start verilmişdir. Belə ki, 05.11.13-22.11.13-cü il tarixlərində ilk dəfə olaraq 20 nəfər həkim-endokrinoloqumuz üçün RDSTA professor-müəllim heyətinin iştirakı ilə Moskva şəhərindən translyasiya olunan distant kurslar təşkil olunmuşdur. Kursların müəyyən hissəsində RDSTA əməkdaşları Bakıya gələrək buradan həm yerli kadrlar üçün, həm də Rusiya həkimləri üçün distant məşğələləri paralel davam etdirəcəklər və bunu həyata keçirmək üçün institutumuzda bütün texniki imkanlar yaradılmışdır. Tədrisin bu cür təşkili onun keyfiyyətinin müasir standartlara çatdırmağa imkan verir. Beləliklə, dövlət siyasətinə uyğun olaraq informasiya texnologiyalarının bütün sahələrdə, o cümlədən diplomdansonrakı tibb təhsilində tətbiqi öz bəhrəsini verir.

 

Məlum olduğu kimi bütün dünya miqyasında cərrahiyyədə mini invaziv endoskopik müalicə üsulları tibbi praktikaya geniş tətbiq olunur. Respublikamızda bu sahədə xeyli işlər görülmüşdür. Lakin bu mütəxəssislərin hamısı xarici ölkələrdə xüsusi hazırlıq kursları keçmiş və buna böyük vəsait sərf olunmuşdur. Bunlara baxmayaraq endoskopik müalicə metodlarını mənimsəmiş həkimlərə böyük ehtiyac hiss olunur. Tələbat nəzərə alınaraq Respublikada ilk dəfə “Laparoskopik treninq” kurslarının keçirilməsi təmin edilmişdir. Bu kurslarda tədris zamanı həkimlərin zəruri bilik və praktik vərdişlərə yiyələnməsi üçün xüsusi simulyatorlar əldə olunmuşdur. Belə avadanlıqlarda kifayət qədər məşq keçmiş müdavim kafedra bazasında müəllimlərin iştirakı ilə aparılan əməliyyatları distant təhsil üçün istifadə olunan texnikanın vasitəsilə dərs otaqlarından canlı izləyir, sonradan isə bu əməliyyatlarda şəxsən iştirak edərək onları sərbəst yerinə yetirmək bacarığı əldə edirlər. Kursu müvəffəqiyyətlə bitirmiş müdavimlərə bu bacarığı təsdiqləyən dövlət şəhadətnaməsi veriləcəkdir ki, bunun əsasında onlar çalışdığı müəssisələrdə belə əməliyyatları etmək hüququ qazanacaqlar.

 

Hesab edirik ki, institutda distant təhsilin inkişaf etdirilməsi və yüksək ixtisaslı mütəxəssislərin bu prosesə cəlb olunması tədrisin səviyyəsinin və son nəticədə bölgələrdə əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətinin yüksəlməsinə səbəb olacaqdır.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

4/11/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013