Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

14 noyabr Ümumdünya Diabet günüdür

14 noyabr Ümumdünya Diabet Günüdür (ÜDG). Bəşəriyyətin diqqətini şəkərli diabetlə bağlı problemlərə yönəltmək məqsədi ilə 1991-ci ildən ÜST-nın və BDF-nın tövsiyələrinə görə bu tarix Ümumdünya Diabet Günü kimi qeyd edilir. 2007-ci ildən isə 14 noyabr BMT günü elan edilərək bütün üzv dövlətlərdə xüsusi qeyd edilir. Dünya Diabet Gününün (DDG) emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir. Hər il müxtəlif şüar altında keçirilən ÜDG-nün dəyişilməz amalı belə səslənir: “Güc birlikdədir!”. 2009-2013-cü illər üçün ÜDG-nün 5 illik kompaniyasının mövzusu: “Diabetin təlimi və qarşısının alınması”-dır. 2013-cü ilin kompaniyası “DİABET: Gələcəyimizi qoruyaq!” şüarı altında gedir.

 

Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzi DG-nün təşəbbüskarı kimi çıxış edir və hər il olduğu kimi bu il də bir sıra qurumların dəstəyi ilə 14 noyabr tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutunda saat 11:00 - 13:00-da tədbir təşkil ediləcək. Həkimləri Təkmilləşdirmə İnstitutunda keçiriləcək tədbirdə Dünya diabet günü ilə əlaqədar REM-in direktoru t.ü.f.d. R.Cabbarov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Həkimləri Təkmilləşdirilmə İnstitutunun direktoru t.ü.f.d. N.Qasımov, ADL-nın sədri Y.Sultanova, REM-in həkim endokrinoloqu S.Ağayeva geniş məruzələrlə çıxışlar edəcəklər. Daha sonra bu xəstəlikdən əziyyət çəkən 13-15 yaş qrup uşaqlar üçün hədiyyələr təqdim olunacaq.

 

Azərbaycan Diabet Liqasının müraciəti əsasında “Park Bulvar” alış-veriş mərkəzində “Diabet Günü” münasibəti ilə 4-10 yaşlı 60 nəfər diabetli uşaqlara əyləncə təşkil ediləcək, onlara animasiya filmi göstəriləcək, nahar yeməyi və hədiyyələr təqdim ediləcək.

 

Qeyd etmək lazımdır ki, şəkərli diabet xəstəliyini təhlükəli və problemli edən onun müxtəlif yaş həddini əhatə etməsi, əhali arasında geniş yayılması, ağır fəsadların meydana gəlməsi, böyük maddi vəsait tələb etməsidir. Xəstəliyin xoş gedişatı üçün, yəni onun həyat tərzinə çevrilməsi üçün düzgün tibbi xidmətə, sosial-iqtisadi qayğıya, normal psixoloji duruma və bütün bunları tənzimləyə biləcək hüquqi bazaya ehtiyac var.

 

BMT Baş Assambleyasının 20 dekabr 2006-cı il tarixli 61/225 saylı qətnaməsində bildirilir ki: ”Şəkərli diabet xroniki, üzücü, böyük xərclər tələb edən, ağır xroniki fəsadlarla müşayiət edilən xəstəlikdir, hansı ki, ailəyə, üzv dövlətlərə, bütün dünyaya böyük təhlükə yaradır və beynəlxalq səviyyədə inkişaf məqsədlərinə ciddi maneçilik törədir.”

 

Hazırda dünyada 371 milyon insanda ŞD diaqnozu qeyd olunur. Güman olunur ki, 50 %-i öz xəstəliyi haqqında məlumatsızdır. Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlərin sayı bu ilin göstəricilərinə görə 182 min nəfər təşkil edir.

 

Bu xəstəliyin yayılma tempinə görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ŞD xəstəliyini qeyri-infeksion epidemiya kimi dəyərləndirir.

 

Azərbaycan dövləti bu xəstəlikdən əziyyət çəkən insanlara xüsusi diqqət ayırır. Belə ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin 2005-ci il 7 iyun tarixli 101 nömrəli qərarı ilə “2005-2009-cu illər üzrə “Şəkərli diabet üzrə Dövlət proqramı” təsdiq edilmişdir. Növbəti illər üzrə Nazirlər Kabinetinin 2010-ci il 26 noyabr tarixli 222 nömrəli qərarı ilə “2011-2015-ci illər üçün Şəkərli Diabet üzrə Tədbirlər Proqramı” təsdiq edilmişdir. Bu proqram çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemlər pulsuz olaraq paylanmış və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılmışdır.

 

Bununla əlaqədar olaraq şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşmış, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artmışdır.

 

Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enmişdir.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

8/11/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013