“Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir
Hər il olduğu kimi bu ildə Məhərrimlik ayının onuncu günü “Aşura günü”ndə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.
Səhər saatlarından başlayan qanvermə aksiyalarında bu saatlara kimi respublika üzrə 3643 nəfər könüllü olaraq qan vermişdir.
Mərasimlər Bakı şəhərində ET Hematologiya və Transfuzioloqiya İnstitutunda, habelə Bakı şəhəri «Təzə pir», «Mir-Mövsüm ağa», “İçərişəhər Cümə», “Hacı Soltanəli”, Keşlə qəsəbə məscidlərində, bölgələrdən Sumqayıt şəhər “Cümə məscidi”ndə, Gəncə şəhər “İmamzadə məscidi”ndə, Lənkəran şəhər “Böyükbazar məscidi”ndə, Mingəçevir şəhər “Heydər məscidi”ndə, Şəki şəhər “Cümə məscidi”ndə və Bərdə şəhər “Cümə məscidi”ndə təşkil edilib.
Aksiyalar zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aksiyalar davam edir.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
14/11/2013