Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Məişət zorakılığının mənfi tibbi-psixoloji nəticələrinin izahı və qarşısının alınması istiqamətində tədbirlər görülür

Azərbaycan Respublikası Prezidentinin 24.11.2011-ci il tarixli 537 nömrəli Fərmanının 1.2.8-ci və 1.3.3-cü bəndlərinin icrasının təmin edilməsi üzrə Səhiyyə Nazirliyinin 15.02.2012-ci il tarixli 13 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi və Azərbaycan Qadınları Cənubi Qafqazda Sülh və Demokratiya uğrunda Cəmiyyəti ilə birlikdə əhali arasında (ictimai yerlərdə, təhsil ocaqlarında və s.) məişət zorakılığının mənfi tibbi-psixoloji nəticələrinin izah edilməsi, məişət zorakılığının qarşısının alınması istiqamətində qabaqlayıcı maarifləndirmə tədbirləri keçirirlər.

 

İlk görüş 2013-cü il noyabrın 26-da Bakı Slavyan Universitetində (BSU) tələbələrdən ibarət qrup üçün keçirilmişdir.

 

Tədbir iştirakçılarına görüşün məqsəd və vəzifələri, habelə məişət zorakılığının cəmiyyətimizin inkişafında yaratdığı böyük əngəllərdən danışılmış, zorakılıq hallarının qarşısının alınması üçün dövlət tərəfindən görülən tədbirlərdən söz açılmışdır. Daha sonra görüş “Ailə zorakılığının psixoloji aspektləri” mövzusunda təqdimatla və “Ailə zorakılığı” adlı bədii qısametrajlı filmin nümayişi ilə davam etmişdir.

 

“Qadın zorakılığına yox!” adlı bədii qısametrajlı filmin nümayişindən sonra məruzəçilər tələbələr arasında mövzu ilə əlaqədar sorğu keçirmişlər.

 

Növbəti təqdimatlar noyabrın 29-da yenidən BSU-da, dekabrın 3-5-də isə Azərbaycan Dövlət Neft Akademiyasında baş tutacaq. Həmin tədbirlərdə də mütəxəssislər tərəfindən iştirakçılara prezentasiyaların təqdim olunması, çıxışlar, sənədli və qısametrajlı filmlərin nümayişi, eləcə də iştirakçılar arasından məişət zorakılığının qurbanlarına psixoloji yardımın göstərilməsi üçün könüllülərin seçilməsi nəzərdə tutulur. Qabaqlayıcı maarifləndirmə tədbirlərinin ölkəmizin digər ali məktəblərində də davam etdirilməsi planlaşdırılır.

 

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məlumatı

27/11/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013