Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2014-cü ilin aprel ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 34 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 6 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 13 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 333, mikrobioloji göstəricilərinə görə 354, toksikoloji göstəricilərinə görə 22, radioloji göstəricilərinə görə 1 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 4-də orqanoleptik və fiziki-kimyəvi, 2-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur.

Şadlıq evlərindən 746 yaxma nümunəsi götürülmüş, 15 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilmişdir.

Aprel ayı ərzində əhali arasında 99 qida zəhərlənməsi hadisəsi baş vermiş, 115 nəfər zərərçəkən olmuşdur. O cümlədən 2 botulizm hadisəsi baş vermiş, 2 nəfər zərərçəkən olmuşdur, 1 ölüm hadisəsi baş vermişdir. Qida zəhərlənməsi hadisələri əsasən məişətdə baş vermişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

 

 

 

12/06/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013