Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Beynəlxalq Qeyri-Zorakılıq Günü” ilə bağlı maarifləndirmə aksiyası keçirilmişdir

2007-ci il iyunun 15-də BMT Baş Assambleyasının qəbul etdiyi qərarla 2 oktyabr tarixi “Beynəlxalq Qeyri-Zorakılıq Günü” kimi qeyd edilir. Qəbul olunmuş qətnamədə bu beynəlxalq günün məqsədi – sülh, dözümlülük, anlayış və zorakılıqdan imtina mədəniyyətini təsdiq etməkdir. 2 oktyabr təsadüfən seçilmiş tarix deyil, məhz bu gün Hindistanın müstəqilliyi uğrunda hərəkatın lideri və qeyri-zorakılıq fəlsəfəsinin banisi Mahatma Qandinin doğum günüdür.

Məişət zorakılığı, o cümlədən uşaqlara qarşı məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə Azərbaycanda 2010-cu ildə “Məişət Zorakılığının qarşısının alınması” haqqında Qanun qəbul edilmişdir. Bununla yanaşı, məişət zorakılığına məruz qalmış uşaq və qadınların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyası mühüm məsələlərdən biri kimi dəyərləndirildiyi üçün Səhiyyə Nazirliyi və digər mərkəzi və yerli dövlət orqanları həmin işlərin təşkili və aparılmasında bilvasitə iştirak edir.

Bu sahədə kadr potensialının gücləndirilməsi, məişət zorakılığının qarşısının alınması və zorakılıqdan zərərçəkmişlərin reabilitasiyasının aparılması ilə bağlı uşaq və qadınlarla işləyən mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət yetirilir. Səhiyyə Nazirliyinin təsdiq etdiyi Tədbirlər Planına əsasən həm geniş əhali arasında maarifləndirmə tədbirləri keçirilir, həm də məişət zorakılığının erkən aşkarlanması və zorakılıqdan zərərçəkmiş şəxslərə tibbi-psixoloji yardım göstərən həkimlər üçün metodik tövsiyələr hazırlanaraq onların əsasında həkimlərin bilik və bacarıqları artırılır.

Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanının icrası ilə bağlı “Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq, 2014-cü il oktyabrın 2-də İSİM və Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Beynəlxalq Qeyri-Zorakılıq Günü” ilə bağlı “Metropark” AVM-də maarifləndirici aksiya keçirildi. Məişət zorakılığının qarşısının alınması sahəsində maarifləndirmə və təbliğat işinin təkmilləşdirilməsi məqsədilə keçirilən aksiyada əhaliyə “Uşaq zorakılığı” və “İşgəncə” mövzularında bukletlər paylanıldı, mövzu ilə bağlı məlumatlar verilmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

8/10/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013