Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

2011-2015-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 26 noyabr tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

1. Giriş

Xroniki böyrək çatışmazlığı (XBÇ) hər hansı səbəbdən böyrəklərin funksiyasının tədricən zəifləməsi nəticəsində baş verən patoloji haldır. Böyrəklərin xroniki iltihabı, irsi, allergik-immunoloji, infeksion xəstəlikləri, eləcə də şəkərli diabet, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri və bir sıra uroloji obstruktiv patologiyalar XBÇ-nin baş verməsinə səbəb ola bilər.

 

Hazırda dünya əhalisi arasında XBÇ və bu səbəbdən dializ müalicəsinə cəlb olunan xəstələrin sayı artır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən müxtəlif ölkələrdə bir milyon əhalidən 800-1200 nəfərində XBÇ müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 19 iyul tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı"nın həyata keçirilməsi nəticəsində bu xəstələrin aşkar olunması və aktiv müalicəyə cəlb olunması, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı mümkün olmuşdur.

 

Hazırda Azərbaycanda fəaliyyət göstərən 20 hemodializ mərkəzində (onlardan 13-ü regionlarda, 7-si Bakı şəhərində) 1500-dən çox xəstə dövlət vəsaiti hesabına proqram üzrə hemodializ müalicəsi qəbul edir. Müalicənin keyfiyyətinin yaxşılaşması, xəstələrin ömrünün uzanması, bu xəstəlikdən ölüm hallarının azalması, ilə yanaşı, eyni zamanda, dializ alan xəstələrin sayı hər il 21-25% artmaqdadır.

 

Respublikada böyrək və digər orqanların transplantasiyası olunmuş 300-ə qədər xəstə qeydiyyatdadır ki, onların da mütəmadi müayinəsi və kifayət qədər maliyyə vəsaiti tələb edən immunosupressiv müalicəsi dövlət büdcəsi hesabına ödənilir. 2010-cu ildə ölkə Prezidentinin sərəncamı ilə Respublika Klinik Uroloji Xəstəxanasının nəzdində yaradılan Böyrək-köçürmə Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar qarşıdakı illərdə böyrək köçürülməsi əməliyyatı olan xəstələrin sayının artacağı proqnozlaşdırılır ki, bu da həm əməliyyat dövründə, həm də əməliyyatdan sonrakı dövrdə böyük maliyyə vəsaiti tələb edir. Xəstələrin sayının artması yeni mərkəzlərin yaradılmasını, onların mütəmadi dərman təminatını və davamlı müalicə məsrəflərini zəruri edir.

 

Bu Tədbirlər Proqramı nefroloji yardımın daha da təkmilləşdirilməsinə, xroniki böyrək çatışmazlığı olan xəstələrin ömrünün uzadılmasına, onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına, tibbi-sosial reabilitasiyasına, hemodializ müalicəsi alan və böyrək köçürülmüş xəstələrin davamlı dərman təminatına yönəlmişdir.

 

2. Tədbirlər Proqramının məqsəd və vəzifələri

 

Tədbirlər Proqramının məqsəd və vəzifələri aşağıdakılardır:

  • xroniki böyrək çatışmazlığı xəstəliyinə düçar olmuş şəxslərin həyat tərzinin yaxşılaşdırılması, ömürlərinin uzadılması, ölüm hallarının azaldılması;
  • hemodializ mərkəzləri şəbəkəsinin genişləndirilməsi;
  • respublikada böyrəkköçürmə əməliyyatlarının təşkili.

 

3. Tədbirlər Proqramının maliyyələşdirilməsi

 

Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində "Səhiyyə" bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

 

4. Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər

 

Sıra №-si Tədbirin adı İcraçılar İcra müddəti
1. Proqramın həyata keçirilməsində təşkilati tədbirlər
1.1 Xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron registrinin və məlumat bazasının yaradılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2012
2. Böyrəklərin xroniki xəstəliklərinin profilaktikası, müalicəsi və reabilitasiyası
2.1 Böyrəklərin xroniki patologiyası olan şəxslərin vaxtında aşkar edilməsi və onların tam həcmdə tibbi yardımla, o cümlədən dializ müalicəsi ilə təmin edilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
2.2 Böyrəklərin xroniki xəstəlikləri zamanı müasir müalicə və diaqnostika üsullarının həyata keçirilməsi (böyrəklərin biopsiyası, punksiyası, periton dializi, innovasion dərman preparatlarının tətbiqi) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
2.3 Xroniki böyrək çatışmazlığı olan xəstə-lərin sayına uyğun olaraq, hemodializ mərkəzləri şəbəkəsinin genişləndirilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
2.4 Respublikada böyrəkköçürmə əməliyyatlarının aparılmasına hazırlıq işlərinin görülməsi və bu əməliyyatların həyata keçirilməsi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

2011-2015
2.5 Xroniki böyrək çatışmazlığı nəticəsində əmək qabiliyyətini itirmiş şəxslərin tibbi-sosial reabilitasiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əhalinin Əmək və Sosial Müdafiə Nazirliyi mütəmadi
2.6 Böyrəklərin xroniki xəstəliklərinin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
3. Kadr hazırlığı
3.1 Böyrəklərin xroniki xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
3.2 Böyrəklərin xroniki xəstəlikləri üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
4. Böyrəklərin xroniki xəstəliklərinə dair maarifləndirmə
4.1 Böyrəklərin xroniki xəstəliklərinin profilaktikasına dair populyar ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2011-2015
4.2 Kütləvi informasiya vasitələri ilə böyrəklərin xroniki xəstəliklərinin profilaktikasına dair məlumatların verilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, kütləvi informasiya vasitələri 2011-2015

 

5. Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr

 

Proqramın həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:

 

  • respublikada BXX və dializ xəstələrinə göstərilən tibbi yardımın təkmilləşdirilməsi;
  • böyrəkköçürmə əməliyyatının göstəriş olan xəstələrdə aparılması;
  • xəstələrin ömürlərinin uzadılması, həyat keyfiyyətinin yaxşılaşdırılması və sosial-tibbi reabilitasiyanın həyata keçirilməsi.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013