Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər»ə əlavə edilməsi haqqında.

 

«Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri»nə əlavə edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 2 dekabr tarixli 30 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 

Bənd_1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 11, maddə 676; 2004-cü il, № 2, maddə 115; 2005-ci il, № 9, maddə 860, № 12, maddə 1234; 2006-cı il, № 2, maddələr 204, 205, № 9, maddə 822, № 12, maddə 1159; 2007-ci il, № 8, maddələr 849, 857, № 10, maddə 1025; 2008-ci il, № 1, maddə 37, № 10, maddə 928, № 12, maddələr 1110, 1114; 2009-cu il, № 1, maddələr 22, 32, № 2, maddə 156, № 4, maddə 279) ilə təsdiq edilmiş «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər»ə aşağıdakı məzmunda 48-ci bənd əlavə edilsin:

 

«48. Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

 

48.1. ərizəçinin bu fəaliyyət növünü həyata keçirməsi üçün zəruri texnoloji, təcrübi ölçü qurğularından, proqram vasitələrindən və digər avadanlıqlardan istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s.) təsdiq edən sənədlərin surəti;

 

48.2. ərizəçinin bu fəaliyyət növü, o cümlədən informasiya texnologiyaları sahəsi üzrə müvafiq təhsilə, ixtisasa və ən azı 3 il iş təcrübəsinə malik olan mütəxəssislərin olmasını təsdiq edən sənədlərin surəti;

 

48.3. ərizəçinin bu fəaliyyət növü üzrə istifadə edəcəyi avadanlıqlar, müvafiq proqram-texniki təminat vasitələri, o cümlədən informasiya mühafizəsi vasitələri üzrə uyğunluq sertifikatlarının surəti;

 

48.4. ərizəçinin bu fəaliyyət növünü həyata keçirməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyləri;

 

48.5. ərizəçinin fəaliyyət obyektinin mühafizə olunmasını təsdiq edən sənədin surəti.».

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013