Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı

Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərin profilaktikası sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində nəzərəçarpacaq nailiyyətlər əldə edilmişdir.

Bu xəstəliklərin profilaktikası işində uşaqların müasir təqvim əsasında vaxtında peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanda, uşaqların yoluxucu xəstəlikdən qorunması üçün, inkişaf etmiş Avropa ölkələrində olduğu kimi 10 xəstəliyə qarşı peyvənd edilir. Ölkə üzrə peyvənd planı hər il təxminən 96-98% yerinə yetirilir. Respublikada aparılan məqsədyönlü immunoprofilaktika tədbirləri nəticəsində əvvəllər poliomielit xəstəliyinə görə endemik sayılan Azərbaycan artıq bu xəstəlikdən azad diyara çevrilmiş və bu statusu saxlayır. Xüsusi profilaktika vasitələri ilə idarəolunan digər xəstəliklər üzrə də yüksək nailiyyətlər qazanılmışdır. Belə ki, qızılca xəstəliyi 2003-cü ildə 1955, məxmərək 1051 hadisə olduğu halda 2008-ci ildən bu xəstəliklər qeydə alınmamış, epidemik parotit 2003-cü illə müqayisədə təxminən 6,5 dəfə azalmışdır. Difteriya xəstəliyi 2010-cu ildən qeydə alınmır. Digər xəstəliklər sporadik hallarda qeyd edilir.

 

Son illərdə ölkədə genişmiqyaslı əksepidemik tədbirlərin aparılması nəticəsində malyariyaya görə epidemioloji vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşaraq, epidemioloji sabitliyə nail olunmuş və hazırda bu xəstəliklə xəstələnmə hallarına tək-tək hallarda təsadüf edilir. 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013