Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

 

- qüvvədə olan qanunvericilik aktlarının «Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

- «Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

- həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddətini və qaydasını müəyyən etsin;

 

- həmin Qanunun 6-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş profilaktik peyvəndlərin məcburi aparılması tələb olunan işlərin siyahısını müəyyən etsin;

 

- həmin Qanunun 15-ci maddəsinin dördüncü hissəsində nə-zərdə tutulmuş ölümə səbəb olan postvaksinal fəsadlara görə birdəfəlik müavinət almaq hüququ olan ailə üzvlərinin siyahısını və həmin müavinətin həcmini müəyyən etsin;

 

- bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərə dair müvafiq normativ hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin; - öz səlahiyyətləri daxilində «Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» Azərbaycan Respublikasının Qanunun-dan irəli gələn digər məsələləri həll etsin.

 

2. Müəyyən edilsin ki:

 

- «Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci və ikinci hissələrində, 6-cı maddəsinin altıncı hissəsində və 15-ci maddəsinin birinci və dördüncü hissələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

 

- həmin Qanunun 4-cü maddəsinin birinci hissəsində, 6-cı maddəsinin üçüncü və dördüncü hissələrində, 7-ci maddəsinin birinci hissəsində, 10-cu və 12-ci maddələrində və 13-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

 

- həmin Qanunun 4-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Hərbi Əks-kəşfiyyat Xidməti və Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi həyata keçirirlər;

 

- həmin Qanunun 6-cı maddəsinin birinci hissəsində «xüsusi razılıq alan hüquqi və fiziki şəxslər» dedikdə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı»nın 36-cı bəndinə müvafiq olaraq xüsusi razılıq (lisenziya) almış hüquqi və fiziki şəxslər nəzərdə tutulur.

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 iyun 2000-ci il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013