Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Yoluxucu xəstəliklərin immunoprofilaktikası barədə qanunvericilik aktlarına dair BƏLƏDÇİ QAYDALAR

Yoluxucu xəstəliklərin immunoprofilaktikası barədə qanunvericilik aktlarına dair

BƏLƏDÇİ QAYDALAR

 

14 aprel 2000-ci il tarixdə “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.

Bu Qanun Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması və sanitariya-epidemioloji salamatlığının təmin edilməsi məqsədi ilə yoluxucu xəstəliklərin immunoprofilaktikası sahəsində həyata keçirilən dövlət siyasətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. İmmunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına yönəldilmişdir.

Qanuna uyğun olaraq immunoprofilaktikanın həyata keçirilməsini müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi) təmin edir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilən yoluxucu xəstəliklərin baş verməsi təhlükəsi olduqda epidemik göstərişlərə görə profilaktik peyvəndlər məcburi aparılır. Profilaktik peyvəndlər dövlət və bələdiyyə tibb müəssisələrində və ya özəl tibb fəaliyyəti üçün qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi razılıq alan hüquqi və fiziki şəxslər tərəfindən aparılır. Profilaktik peyvəndlər vətəndaşların razılığı əsasında aparılır.

Profilaktik peyvəndlərin təqvimi vətəndaşlara profilaktik peyvəndlərin aparılması qaydasını, müddətlərini, peyvənd aparılması zəruri olan xəstəliklərin siyahısını müəyyən edən və müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi) tərəfindən təsdiq olunan sənəddir.

İmmunoprofilaktika sahəsində vətəndaşların profilaktik peyvəndlərin aparılmasının zəruriliyi, onlardan imtina edilməsinin nəticələri, mümkün postvaksinal fəsadlar haqqında tibb işçilərindən tam və obyektiv məlumat almaq, mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələrini və ya özəl tibb fəaliyyəti ilə məşğul şəxsləri seçmək, dövlət və bələdiyyə tibb müəssisələrində profilaktik peyvəndlərdən əvvəl büdcə vəsaitləri hesabına tibbi baxışdan keçmək və müayinə olunmaq, epidemik göstərişlərə görə profilaktik peyvənd olunmaq, postvaksinal fəsadlar baş verdikdə müalicə olunmaq, real əks-göstərişlər olduqda epidemik göstərişlərə görə profilaktik peyvəndlərdən imtina etmək hüquqları vardır.

17 iyun 2000-ci il tarixdə “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.

Bu Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddətinin və qaydasının, profilaktik peyvəndlərin məcburi aparılması tələb olunan işlərin siyahısının, ölümə səbəb olan postvaksinal fəsadlara görə birdəfəlik müavinət almaq hüququ olan ailə üzvlərinin siyahısının və həmin müavinətin həcminin müəyyən edilməsi tapşırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 nömrəli 3 may 2001-ci il tarixli Qərarı ilə “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydası”, 110 nömrəli 2 iyun 2001-ci il tarixli Qərarı ilə “Profilaktik peyvəndlərin məcburi aparılması tələb olunan işlərin Siyahısı”, 121 nömrəli 6 iyul 2001-ci il tarixli Qərarı ilə “Karantin və digər məhdudiyyət tədbirləri tətbiq olunan yoluxucu xəstəliklərin Siyahısı”, 163 nömrəli 12 oktyabr 2001-ci il tarixli Qərarı ilə “Ölümə səbəb olan postvaksinal fəsadlara görə birdəfəlik müavinət almaq hüququ olan ailə üzvlərinin Siyahısı” və 225 nömrəli 26 noyabr 2010-cu il tarixli qərarı ilə “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” təsdiq edilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13 nömrəli 12 yanvar 2011-ci il tarixli əmri ilə “2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013